Laçın şəhərində yerləşən “İslimi” xalçaçılıq mərkəzində çalışan xanımlar birinci əl işlərini tamamlayıblar. Mərkəzdə ilk toxunan xalçada Laçının “Qasımuşağı” çeşniləri öz əksini tapıb.
Xalçaçılıq mərkəzində rayon sakinləri olan xanımlar çalışırlar. Burada müxtəlif ölçülərdə xalçaların toxunması üçün dəzgahlar və digər avadanlıqlar qurulub.
Laçında xalçaçılıq sənətinin qədim tarixi var. Azadlığa qovuşan yurd yerində bu ənənələr yenidən dirçəldilir. Mərkəzin rəhbəri Bəhmən Hacıyev deyir ki, burada həm Laçın çeşniləri toxunur, həm də yerli sakinlər işlə təmin olunurlar.