Naxçıvan şəhər Gənclik Mərkəzində şəhər Ərtoğrul Cavid adına Uşaq musiqi və bədii sənətkarlıq məktəbinin tar ixtisası üzrə IV sinif şagirdi Murad Babazadənin solo konserti keçirilib. Aprelin 27-də gerçəkləşən konsert Naxçıvan MR-in 100 illiyinə həsr olunub.

Bildirilib ki, məktəbdə Əməkdar mədəniyyət işçisi Əbülfəz Rzayevdən sənətin sirlərini öyrənən 14 yaşlı Murad ötən il Naxçıvan MR-in bədii təhsil müəssisələri arasında keçirilən baxış müsabiqəsində I yerə layiq görülüb, həmçinin ölkəmizdə ilk dəfə keçirilən Uşaq İncəsənət Festivalında muxtar respublikanı uğurla təmsil edib.

Konsertdə Səid Rüstəmov, Süleyman Ələsgərov, Qara Qarayev, Tofiq Bakıxanov, Tofiq Quliyev və başqa bəstəkarların əsərləri səslənib. Bəzi musiqi nömrələrində tarzən Murad Babazadəni musiqi məktəbinin fortepiano ixtisası üzrə VI sinif şagirdi Fatimə Hüseynzadə müşayiət edib. Musiqi axşamının konsertmeysteri Naxçıvan MR-in Əməkdar müəllimi Nərminə Qədimova olub.

Nurəddin