Fondun Nazirlər Şurasının toplantısı keçirilib
Türk dünyasının əməkdaşlıq təşkilatları arasında xüsusi yeri olan Türk Mədəniyyəti və İrsi Fondu 2015-ci ildən fəaliyyət göstərir. Azərbaycanın təşəbbüsü ilə yaradılan təşkilatın mənzil-qərargahı Bakıda yerləşir. 2015–2023-cü illərdə qurumun ilk prezidenti Günay Əfəndiyeva (Azərbaycan) olub. 2024-cü ildən Türk Mədəniyyəti və İrsi Fonduna Qazaxıstanın Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru Aktotı Raimkulova rəhbərlik edir.
Fond cari ildən yeni layihələrlə yanaşı, özünün nizamnaməsinə əsasən müvafiq formatlarda da fəaliyyətini genişləndirmək niyyətindədir. Fondun mənzil-qərargahında ilk Nazirlər Şurası toplantısının keçirilməsi də bu mərama xidmət edir. Aprelin 30-da keçirilən toplantıda təşkilata üzv ölkələrin mədəniyyət sahəsi üzrə məsul şəxsləri ilə ölkəmizdə akkreditə olunmuş diplomatları da iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət naziri Adil Kərimli bildirib ki, Türk Mədəniyyəti və İrsi Fondu ötən on ilə yaxın müddətdə uğurlu inkişaf yolu keçib, çoxsaylı layihələr reallaşdırıb, elmi-mədəni tədbirlər təşkil edib: “Türk coğrafiyasında, Türk dövlətlərini birləşdirən digər təşkilatlarla birlikdə Türk Mədəniyyəti və İrsi Fondunun önəmli fəaliyyəti özünəməxsus yer tutur. Bundan sonrakı fəaliyyətində fondun qarşısında Türk dünyasının, xüsusilə beynəlxalq və regional çağırışlara cavab verən yeni fəaliyyətin qurulması istiqamətində mühüm vəzifələr durur. Türk Mədəniyyəti və İrsi Fondunun gələcək fəaliyyəti, onun yeni strategiyası, ideya əsasları hər birimiz üçün çox önəmlidir”.
Nazir qeyd edib ki, Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Akademiyası kimi təşkilatların fəaliyyəti bir-birini tamamlamalıdır, onlar qarşılıqlı əlaqədə çalışaraq bir-birini gücləndirməlidir.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qurumun tarixi və fəaliyyəti barədə qısa təqdimat edib. Bildirib ki, bundan sonra fondun Nazirlər şurası hər il toplanaraq, təşkilatın fəaliyyətinə töhfəsini verəcək. “Qədim və zəngin türk mədəni irsini qoruyan, təbliğ edən Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti hazırda dünyanı narahat edən mədəni kimliyin yoxa çıxması fonunda xüsusi əhəmiyyət daşıyır. Türk əməkdaşlıq təşkilatlarının qarşılıqlı əlaqələri türk xalqlarının ortaq tarixinə, ortaq mədəniyyətə söykənir. Bu baxımdan bizim birgə addımlamağımız önəmlidir”, – deyə o vurğulayıb.
Fondun beynəlxalq səviyyədə türk dövlətlərinin birliyinin nümunəsi kimi çıxış etdiyini bildirən Qazaxıstanın mədəniyyət naziri Aida Balayeva deyib: “Fond mədəniyyətlərimizi və ümumilikdə, ölkələrimizi daha da birləşdirir. Fondun təşkilatçılığı ilə keçirilən mədəni, elmi tədbirlərdə, sərgilərdə mövcud əlaqələrimiz möhkəmlənir və daha sıx əməkdaşlığa fürsət yaranır”.
Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Çingiz Esenqul da Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini təqdir edib və gələcəkdə daha səmərəli əməkdaşlıqda vacib rolunu vurğulayıb. O, həmçinin bu günlərdə Bakıda Qırğız Mədəniyyəti Günlərinin yüksək səviyyədə keçirildiyini məmnunluqla qeyd edib.
Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdar Çam toplantının türk dövlətləri arasında əməkdaşlığın inkişafı üçün yeni imkanlar açacağına ümidvar olduğunu bildirib.
Toplantıda 3 noyabr 2023-cü ildə Astanada keçirilmiş Türk Dövlətləri Təşkilatının X Zirvə görüşündən irəli gələn vəzifələr, o cümlədən Türk Mədəniyyəti və İrsi Fondunun 2024 və 2025-ci illər üzrə Fəaliyyət Planı, Türk Mədəni İrsi Konvensiyasının hazırlanması məsələləri ətrafında müzakirələr aparılıb.