Ələkbər Əsgərov heyrətamiz ifaçılığı ilə Türk dünyasında yaşayır
May ayının 3-də Azərbaycanın nəfəs çalğı alətləri üzrə tanınan və sevilən ustad sənətkarı Ələkbər Əsgərovun (1933–1995) doğum günüdür. Virtuoz-yenilikçi ifaçı təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da ehtiramla anılır.
Ustadın çoxşaxəli yaradıcılığına “Balaban aləti üçün köçürmələri və işləmələri” kitabı, müəllifi olduğu bir çox rəqs melodiyaları və muğam rəngləri daxildir. Bundan başqa, Ələkbər Əsgərov nəfəs alətlərinə yeni çalğı üslubu gətirmiş və onun yanaşması “Ələkbər Əsgərov yolu” adı ilə dəyərləndirilmişdir. Bu çalğı üslubu klarnet ifaçıları tərəfindən bu gün də öyrənilməkdədir.
Onun arxiv materialları arasında hazırladığı “As” tonlu Azərbaycan klarneti, iki klapanlı balaban, ney və zurna əsasında düzəltdiyi qoşa zurna alətləri qorunub mühafizə olunmaqdadır.
Ustad sənətkarın çoxşaxəli yaradıcılığı haqqında böyük qızı Mahirə Quliyeva elmi yazılarında daha geniş məlumatlar verir.
Bu ilin 18–20 aprel tarixlərində Muğla Sıtkı Koçman Universitetində Ercan Kılkıl və Göktan Ayın birgə təşkilatçılığı sayəsində beynəlxalq simpozium düzənləndi. Simpoziuma tədqiqatçı alim Mahirə Ələkbərqızı, Əli İmamverdi və bu sətirlərin müəllifi də qatılmışdı. Hər üçümüz Azərbaycan xalq musiqisinin təmsilçisi olaraq qürur hissi keçirirdik.
Əli İmamverdi “Azərbaycan ney, zurna ifaçılığı sənətində Əli Kərimov məktəbi”, Konya Selçuklu Universiteti Dilek Sabancı Dövlət Konservatoriyasında müəllimə işləyən Mahirə Ələkbərqızı “Azərbaycan nəfəs alətləri və Ələkbər Əsgərovun ifaçılıq üslubu” və mən “Cəmil Əkbərin şeirlərində milli çalğılar” mövzularında məruzələr etdik.
Yeri gəlmişkən, simpoziumda Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin rektoru professor Erhan Özdenin həm alim, həm də peşəkar ney ustadı kimi çıxışı da maraq doğurdu.
Bu yerdə bir məqama da toxunmaq istərdim. Azərbaycanın Xalq artisti, görkəmli kamança ifaçısı Ağacəbrayıl Abasəliyevin Ələkbər Əsgərov haqqında dediyi xatirə fikirləri indi də yadımdadır. O, azman sənətkarın ifaçılığına hətta ermənilərin dəyər verdiyini bu sözlərlə anlatmışdı: “Amerikada yaşayan erməni klarnet ifaçıları Ələkbər Əsgərovun şəklini ifa etdiyi alətlərin futlyarında ehtiramla saxlayırlar”.
Bu fikri təsdiqləyən bir hadisə də qatıldığımız beynəlxalq simpoziumda baş verdi. Hollandiyadan gəlmiş erməniəsilli balaban ifaçısı Ertan Tekin məruzə etmək üçün kürsüyə çıxdığı zaman təsadüfən “Ələkbər Əsgərovun rəqs melodiyaları və muğam rəngləri” kitab nəzərini cəlb etdi. Bu zaman heyrətlər içərisində kitabı tez əlinə alaraq sinəsinə basdı və sanki təlaş içində dinləyicilərə xitabən “bu mənimdir” – deyə uca səslə elan etdi. Çıxışını bitirdikdən sonra isə kitabı ayaqüstü vərəqləməyə başladı.
Erməniəsilli ifaçının bu hərəkətlərinə hər kəs mat-məəttəl qalmışdı. Mahirə Ələkbərqızı və Əli İmamverdinin məruzələrindən sonra Ertan Tekin ustad sənətkarlarımız Əli Kərimovun və Ələkbər Əsgərovun balaban və zurna alətləri ifaçılığına, onların heyrətamiz naxışlarla bəzənmiş repertuarına bələd olduğunu da səmimi etiraf etdi.
Həmin əhvalatı diqqətə çatdırmaqda məqsədim odur ki, bu, nəfəs çalğı alətləri ifaçılığında spesifik dəst-xətti ilə adı əfsanələşmiş Ələkbər Əsgərovun sənətinə, onun sənətdə incə xallarla yaranmış orijinal yeniliklərə digər xalqların verdiyi dəyərin bir təcəllisi idi və şəxsən mənim yaddaşıma xoş xatirə olaraq yazıldı. Demək, ustadın böyüklüyü müxtəlif xalqların könül dünyasını fəth edib. O, sənəti ilə bir çox xalqların məhəbbətini və ehtiramını qazana bilib.
Onu da deyim ki, musiqişünas Mahirə Ələkbərqızı öz məruzəsində Ələkbər Əsgərov sənətinin əzəməti, onun ifaçılıq məziyyətlərindəki incə çalarları barədə simpoziuma təşrif buyuran elm xadimlərində dolğun təsəvvür yaratdı. Ustadın ifasında lentə alınmış görüntülər də onun sənəti barədə deyilənlərin təsdiqi idi.
Simpoziumun sonunda Azərbaycan təmsilçisi kimi mənə söz verildiyi zaman bu elmi toplantının təşkilatçılarına təşəkkürümü bildirib bir təkliflə fikrimi tamamladım. Təklifim Nəfəs çalğı alətləri üzrə 2-ci beynəlxalq simpoziumun Ələkbər Əsgərovun adı ilə adlandırılması idi. Ələkbər Əsgərovun ifaçılıq sənəti bir xalqın, Azərbaycan adlı vətənin adı, habelə Qafqaz adlı böyük bir coğrafi ərazi ilə məhdud deyil. Bu azman sənət Türk dünyasının, eləcə də bir çox başqa xalqların qəlbini fəth etmək qüdrətindədir.
Virtuoz-yenilikçi sənətkar bu gün 91 yaşında ehtiramla xatırlanır. 100 yaşında da anılacaqsan, ey müqtədir ustad! Səni kim unudar?
İlqar Cəmiloğlu
Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının professoru