27 aprel – 2 may tarixlərində İtaliyada “Roma ulduzları” (Stelle di Roma – 2024) beynəlxalq müsabiqəsi keçirilib.
UNESCO-nun Avropa Folklor Musiqi Festivalları Assosiasiyası (EAFF) və “Bridges” Festivalları Fondunun təşkilatçılığı ilə gerçəkləşən müsabiqədə İtaliya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Bolqarıstan, Sloveniya, Estoniya, Yunanıstan və Macarıstandan incəsənət ustaları iştirak edib.
İncəsənət layihəsində ölkəmizi Azərbaycan Milli Konservatoriyasının müəllimi, Beynəlxalq Türk Dünyası Gənclər Şurasının üzvü, TÜRKSOY Xalq Çalğı Alətləri Orkestrinin solisti, beynəlxalq müsabiqələr laureatı, kamança ifaçısı Pərviz Fərhadov təmsil edib.
“Bayatı-Şiraz”, “Şur” muğam kompozisiyalarını və Müslüm Maqomayevin “Azərbaycan” mahnısını səsləndirdən Pərviz Fərhadovun ifası münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək müsabiqənin Qran-pri mükafatına layiq görülüb.
P.Fərhadov Roma Festivallar Fondunun prezidenti tərəfindən 2025-ci ildə təşkil ediləcək festivallara münsif kimi dəvət olunub.