Forumun birinci günündə gerçəkləşən III plenar sessiyada isə “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” mövzusu müzakirə olunub.

Moderator Sivilizasiyalar Alyansının direktoru xanım Nihal Saad mövzu barədə məlumat verib, Forumun təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxışında bildirib ki, Azərbaycanın dinlərarası dostluq və qardaşlıq mühitində uğurlu birgəyaşayış modeli bütün dünya üçün örnəkdir. Prezident İlham Əliyevin xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək irəli sürdüyü multikulturalizm və İslam həmrəyliyi kimi ümumbəşəri ideyalar həmrəyliyə, sülhə xidmət edir. O, həmçinin deyib ki, COP29 ərəfəsində sülh naminə dini liderlərin iştirakı ilə real əməkdaşlıq müstəvisinin təşkili yönündə səylər təqdir olunmalıdır. Bu xüsusda Roma Papası Fransisk və Əl-Əzhər Şeyxi Əhməd ət-Tayyibin imzaladıqları insan qardaşlığına dair sənəd uğurlu başlanğıc və yol xəritəsidir.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Moratinos deyib ki, dinlərarası dialoq siyasətin əsas hissələrindən olmalıdır: “Problemlər, münaqişələr hər zaman olacaq, lakin biz öz gələcəyimizi birlikdə qurmalıyıq. Biz cəmiyyətin təbəqələri ilə sıx əlaqə qurmalı, dinlərarası dialoqu gücləndirməliyik. Dini liderlər müharibələrdən, münaqişələrdən sonra yox, öncə bir araya gəlməli, çıxış yolları üzərində düşünməlidirlər”.

Müsəlman Ağsaqqallar Şurasının baş katibi Mohammed Abdel Salam, Sokoto Katolik Yeparxiyasının yepiskopu Matyu Kukah, Avropa Ravvin Konqresindən Qedi Qroniç, İslam-Xristian Milli Dialoq Komitəsinin baş katibi Mohammed əl-Sammak, Misir ali müftisinin müşaviri İbrahim Negm, Dinlərarası Dialoq Monastırının Müsəlmanlarla dinlərarası əlaqələr komissiyasının katibi Xalid Akaşeh, ICESCO-nun Sivilizasiyaların Dialoq Mərkəzinin direktoru, səfir Xalid Fətəlrəhman və başqaları mövzu ilə əlaqədar məruzələrlə çıxış ediblər.

Lalə