Beynəlxalq Təşkilatların III Zirvə görüşü

 

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 1-də “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” mövzusunda Beynəlxalq Təşkilatların III Zirvə görüşü təşkil olunub.

“The Guardian” (Böyük Britaniya) qəzetinin ətraf mühit üzrə redaktoru Fiona Harvinin moderatorluğu ilə keçirilən görüşdə Azərbaycan ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev açılış nitqi söyləyiblər.

Muxtar Babayev qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinin Azərbaycana həvalə edilməsi ölkəmizə yüksək etimadın növbəti göstəricisi, beynəlxalq təşkilatlarla formalaşdırılmış uğurlu əməkdaşlığın nəticəsidir.

“COP29-dan gözləntilər çoxdur. İqlim maliyyəsi COP29-un əsas mövzusudur. COP29 çərçivəsində qlobal iqlim gündəliyində olan iqlim maliyyəsi üzrə razılığa gəlinməsi, iqlim dəyişikliyi mövzusunda qlobal həmrəyliyin gücləndirilməsi barədə bir sıra ölkələr, təşkilatlar, akademik dairələr, qeyri-hökumət təşkilatları ilə intensiv danışıqlar aparılır”, – deyə M.Babayev qeyd edib.

COP29-un baş danışıqçısı Yalçın Rəfiyev deyib ki, tədbirə hazırlıq üzrə Azərbaycan nümayəndə heyəti tərəfindən bir çox ölkələrə səfərlər edilib, COP-la bağlı təcrübələr toplanılıb. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında iqlim maliyyələşdirilməsi ilə bağlı fikir ayrılıqları var. COP 29-la bağlı əsas gözlənti tərəflər arasında konsensus yaratmaqdır.

ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, TÜRKSOY-un baş katibi Sultan Raev, UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos COP29-un əhəmiyyətini vurğulayıblar.

Görüşdə iqlimlə bağlı maarifləndirici informasiyaların dərsliklərə salınması, gənclərin bu sahədə aktiv iştirakının təmin edilməsi və s. məsələlərlə bağlı fikirlər səsləndirilib.

L.Azəri