Mayın 1-də Bakı Konqres Mərkəzində işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu rəsmi açılış mərasimindən sonra plenar sessiyalarla davam edib.

 “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət” mövzusunda keçirilən I plenar sessiyada əvvəlcə UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos giriş nitqi söyləyib.

Koventri Universitetinin (İngiltərə) Etimad, Sülh və Sosial Əlaqələr Mərkəzinin direktoru professor Mayk Hardinin moderatorluğu ilə keçirilən sessiyada ilk olaraq BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizliyi üzrə sülhməramlı əməliyyatlar üzrə müavini Aleksandr Zuyev çıxış edib. O, Forumun beynəlxalq sülhü təşviq edəcəyinə əminliyini bildirib.

Sülh Naminə Əlaqələndiricilər və Qlobal Kompasın təsisçisi Jan Kristof Bas çıxışında deyib: “Biz 2011-ci ildə ilk Forumda iştirak edəndə bu təşəbbüsün qlobal müstəvidə qəbul olunacağını təxmin etmirdik. Bu gün “Bakı Prosesi” BMT tərəfindən mədəniyyətlər arasında dialoq üzrə yeganə qlobal platforma kimi qəbul edilir”.

Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov çıxışında dini müxtəliflik mövzusuna toxunub. Bildirib ki, Azərbaycan dünyada tolerant ölkə kimi tanınır. Heydər Əliyev Fondu tərəfindən bir sıra ölkələrdə də bu sahə üzrə müxtəlif layihələr həyata keçirilib. Fond ölkəmizin işğaldan azad edilmiş ərazilərində vandalizmə məruz qalmış tarixi-mədəni və dini irsin bərpasına və yenidən qurulmasına da töhfəsini verir.

Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun rəhbəri Qladin Papin Forumun əhəmiyyətini yüksək qiymətləndirib. O, ölkəsinin Şərqlə Qərb arasında bağlantı rolunu oynadığını bildirib.

Davamlı Müxtəliflik və İnklüzivlik İnstitutunun rəhbəri Efendus Henderson söyləyib ki, dünyada qütbləşmə və etimad çatışmazlığının artdığı bu zamanda biz elə bir sülh mədəniyyəti formalaşdıra bilərik ki, o, əməkdaşlığa yol açsın, hər bir insanın mövqeyi dəyərləndirilsin. Bu mənada, Dialoq Forumu unikal bir platformadır.

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) Sülh və Barışıq İnstitutunun icraçı direktoru, səfir Qusti Aqunq Vesaka deyib ki, sülh quruculuğunda qadınların iştirakı cəmiyyətlər üçün fayda verə bilər: “Biz ahəngdar dinc şəraitdə yaşayan cəmiyyət haqqında danışırıqsa, orada gənclərin də rolu mütləq qeyd olunmalıdır”.

“Satyarthi” Qlobal Şəfqət Hərəkatının (Hindistan) icraçı direktoru Asmita Satyarthi çıxışında hazırda bəşəriyyətin sivilizasiyalar böhranının ortasında olduğunu bildirib: “Təəssüf ki, bu gün dünyada uşaq əməyindən istifadədə xeyli artım var. Gəlin, bu məsələlərə qarşı mübarizədə səylərimizi birləşdirək”.

 Nurəddin Məmmədli