Forumun mayın 2-də keçirilən IX panel sessiyası “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” mövzusuna həsr olunub.

Sessiyanın moderatoru Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev məruzəçiləri təqdim edib.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qurumun fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, fondun əsas missiyası türk xalqlarının zəngin mədəni irsinin qorunub saxlanılması və təbliğidir: "Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işləri həyata keçirir. Fond olaraq bu prosesə öz töhfəmizi verməyə hazırıq".

ICESCO-nun İslam Dünyası İrs Mərkəzinin direktoru Vebber Ndoro deyib ki, mədəniyyətdən bəhs olunarkən yalnız abidələr və irs deyil, eyni zamanda insanlar başa düşülməlidir: “Mədəniyyət tək keçmişə aid deyil. Fikrimcə, insanlar bu gün nəyi qoruyacaqlarına özləri qərar verməlidir”.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Attar Qarabağ və Şərqi Zəngəzurlu bir ailənin övladı olduğunu söyləyib: "30 ilə yaxın bir dövrdə düşmən mənim də uşaqlıq dövrümün keçdiyi Qarabağda mədəni abidələri tamamilə məhv edib”.

UNESCO üzrə Türkiyə Milli Komissiyasının prezidenti professor Öcal Oğuz bildirib ki, mədəni irsin qorunmasında, sülhün bərqərar edilməsində təhsilin rolu olduqca vacibdir: “UNESCO dünyaya barışın, sülhün gətirilməsi məqsədilə yaradılıb. Biz bəşəriyyət olaraq bunu bacardıqmı deyə sual edərsək, ətrafımızda bu müharibəni durdura bilmədiyimizə görə deyə bilərəm ki, bacara bilmədik. Ancaq biz ümidsiz deyilik. Bu sahədə fəaliyyətimizi davam etdiririk”.

Tanınmış azərbaycanlı fotoqraf Reza Deqati bu günə qədər şahidi olduğu müharibələrin nəticələrini əks etdirən yüzlərlə fotolar çəkdiyini söyləyib: “Mən bundan sonra anladım ki, müharibə zamanı yaranan əsas dağıntı gözə görünməyən dağıntıdır. Bu gözəgörünməz dağıntı insanın ruhudur”.

Çıxışlardan sonra sessiya iştirakçılarının sualları cavablandırılıb.

Nurəddin