Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illiyinə həsr olunan “Səttar Bəhlulzadə yaradıcılığı uşaqların gözü ilə” rəsm sərgisi başa çatıb.

Sərgi Səttar Bəhlulzadənin Ev-Muzeyi və 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

Sərgidə mərkəzin “Dekorativ rəsm” dərnəyi üzvlərinin Səttar Bəhlulzadə yaradıcılığına həsr olunmuş mənzərə, natürmort, portret janrında çəkdikləri 13 rəsm işi nümayiş olunub.

Muzeyin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinova qonaqları salamlayaraq sərginin görkəmli fırça ustasının 115 illiyi ilə əlaqədar il ərzində keçiriləcək tədbirlər silsiləsindən biri olduğunu qeyd edib, ustad rəssamın yaradıcılığının hər zaman uşaqlar üçün örnək olduğunu vurğulayıb.

Dərnəyin rəhbəri Aytən Bəylərzadə çıxış edərək gənc rəssamların sərgiyə hazırlıq prosesi və iştirakından danışıb.

Tədbirin bədii hissəsində mərkəzin istedadlı uşaqları musiqi nömrələri ilə çıxış edib. Sərginin yekununda gənc rəssamlar diplomlarla təltif olunublar.