Yubilyar xalçaçı-rəssamın fərdi sərgisi

 

Əməkdar rəssam Taryer Bəşirovun 65 illik yubileyi münasibətilə mayın 3-də Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı fərdi sərgisi açılıb.

Tədbirdə çıxış edən Milli Xalça Muzeyinin direktor vəzifəsini müvəqqəti icra edən Mira Məmmədxanova bildirib ki, Mədəniyyət Nazirliyi və muzeyin təşkilatçılığı ilə “Xalçaçı günü” (5 may) ərəfəsində keçirilən sərgi rəssamın ilk fərdi yaradıcılıq sərgisidir.

Heydər Əliyev Fondunun Humanitar siyasət məsələləri departamentinin rəhbəri Afət Əliyeva, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, AMEA Memarlıq və İncəsənət İnstitutunun professoru Kübra Əliyeva, Tahir Salahovun Ev-Muzeyinin direktoru Səadət Mirzəyeva, Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev, “Azərxalça” ASC-nin istehsalat direktoru Əlisəfa Nuriyev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov çıxış edərək Taryer Bəşirovun yaradıcılıq yolundan danışıblar.

Vurğulanıb ki, Tariyel Bəşirov Azərbaycanda yeganə çətən toxunması üzrə rəssamdır. O, Xalça Muzeyində baş rəssam təyin edildikdən sonra burada çoxsaylı müəllif xalçalarının yaradılmasına öz töhfəsini verib.

Çıxışlarda rəssamın özünəməxsus dəst-xətti ilə daim yeniliklərə imza atdığı bildirilib. Qeyd olunub ki, Lətif Kərimovun davamçısı kimi ornamental və portret xalçalar rəssamın yaradıcılığının əsas yönünü təşkil edir. Çağdaş çətən texnikası ilə toxunan xalçalara bir çox yenilikləri də T.Bəşirov gətirib. O, Xalq rəssamı Tahir Salahovun müəllifi olduğu rəngkarlıq əsəri əsasında toxunan “Üzeyir bəy Hacıbəyli” xalçasının texniki layihəsinin rəhbəri, eləcə də bir sıra digər maraqlı əsərlərin müəllifidir. Bu silsilədən “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş “Beşiyim – əbədiyyətim” adlı süjetli çətən, L.Kərimovun 80 illik yubileyinə həsr olunmuş portret çətən, Nizami Gəncəvinin 850 illiyi münasibətilə süjetli portret çətən, Dövlət Akademik Musiqili Teatrında nümayiş olunan, səhnə pərdəsi kimi toxunan 150 kvadratmetrlik “Azərbaycan ulduzları” xalçası, M.Rostropoviçə həsr olunmuş süjetli portret xalça və s. xalça və çətən örnəkləri maraqla qarşılanıb.

Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı komitənin sədri Fazil Mustafanın yubilyara ünvanladığı təbrik məktubunu təqdim edib, yaradıcılıq uğurları arzulayıb.

Sonra tədbir iştirakçıları T.Bəşirovun “Heydər Əliyev Fondu – 20” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasiminə qatılıblar.

Qeyd edək ki, mayın 12-dək davam edəcək sərgidə müəllifin ornamental, portret, süjetli xalçaları, xalça eskizləri, eləcə də orijinal tərzdə işlənmiş nəbati və həndəsi naxışlı, süjetli çətənləri nümayiş olunur. Sənət əsərləri Milli Xalça Muzeyi, Tahir Salahovun, Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyləri və T.Bəşirovun şəxsi kolleksiyasındandır.

Xalçaçı-rəssam əsərlərində xalqımızın dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi inciləri, milli irsimizi, dövlətçilik tariximizi əks etdirməyə üstünlük verib. Buna bariz nümunə kimi Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsinə həsr etdiyi “Zəfər”, “Tarixin salnaməsi” kimi xalçaları göstərmək olar. Rəssamın son illərdə ərsəyə gələn “Türkün inancı, xalqın qazancı”, “Beşiyim – əbədiyyətim”, “Müqəddəs üçlük” xalçaları qədim türk mədəniyyətindən, inanclarından bəhrələnərək yaradılıb. Orijinallığı ilə diqqətçəkən “Bəhram Gur və Dürsəti” xalçası isə dahi Azərbaycan şairi və mütəfəkkiri N.Gəncəvinin “Yeddi gözəl” poemasına həsr olunub. Müəllif 1986-cı ildə müəllimi, görkəmli alim, Xalq rəssamı Lətif Kərimovun 80 illiyi münasibətilə yaratdığı “XX əsrin korifeyi” adlı çətəndə ilk dəfə nəbati naxışlar tətbiq edib. O həm də çətəndə ilk dəfə qızılı saplardan istifadə edən sənətkardır.

***

Mayın 5-də Milli Xalça Muzeyində Taryer Bəşirovun 65 illik yubileyi münasibətilə sərgi çərçivəsində “Xalçalarda yaşayan tariximiz” adlı mühazirə təşkil olunub. Mühazirədə sənətşünaslıq üzrə fəlsəfə doktoru Dürdanə Qədirova sənətkarın yaradıcılıq yolundan, əsərlərindən bəhs edib.

T.Bəşirov müəllifi olduğu xalçalar, onların üzərindəki naxışların daşıdığı mənalardan danışıb.

Mühazirədən sonra “Xalçaçı günü” münasibətilə muzeydə ilk dəfə xovsuz xalça növü olan cecim üzrə ustad dərsi keçirilib. Cecim muzeyin Ənənəvi texnologiya şöbəsi tərəfindən dirçəldilən növbəti xovsuz xalçatoxuma texnikasıdır.

Lalə Azəri