Bakı Kitab Mərkəzində Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Çingiz Fərzəliyevin “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı keçirilib.
Mərkəzin direktoru Günel Rzayeva təqdimata toplaşanları salamlayaraq kitabın nəşrində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Bakı İncəsənət Mərkəzinin direktoru Rafael Gülməmmədlinin aparıcılığı ilə keçirilən tədbirdə Xalq yazıçısı Anar, Xalq rəssamları Ömər Eldarov və Fərhad Xəlilov, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə, Özbəkistan Milli İncəsənət Qalereyasının direktoru Kamola Akilova, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova və başqaları çıxış ediblər. Çıxışlarda Əzim Əzimzadənin təsviri sənətimizin inkişafında böyük rolundan söz açılıb.
Tədbir Xalq artisti Siyavuş Kərimi, Əməkdar artistləri Anar Şuşalı və Emil Əfrasiyabın ifaları ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən nəşr olunmuş “Əzim Əzimzadə” kitab-albomu rəssamın həyatını, dövrü mətbuatdakı fəaliyyətini, teatr sahəsindəki nailiyyətlərini, xeyli sayda nəşr olunmamış əsərlərini əhatə edir.