Qusar rayon Heydər Əliyev Mərkəzi və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 15 may – Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ekoloji düşüncə ailədən başlayır” mövzusunda tədbir keçirilib. Çıxış edənlər ekoloji düşüncə və ekoloji mədəniyyətin yaranmasında ailənin rolundan, milli-mənəvi dəyərlərdən söhbət açıblar. “Təbiəti qoruyaq!” adlı videoçarx nümayiş olunub.

***

Kürdəmir rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş tədbir keçirilib. İştirakçılar öncə kitab və rəsm sərgisi ilə tanış olublar. Dəyirmi masa ətrafında davam etdirilən tədbirdə mövzuya aid videoçarx nümayiş olunub.

***

Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə-Daşkəsən RMİ-nin dəstəyi, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Mədəniyyət vasitəsilə yaşıl həyata çağırış” layihəsinin açılış tədbiri keçirilib.

Qeyd edilib ki, layihə çərçivəsində 2024-cü il ərzində ətraf mühitlə bağlı filmlər nümayiş olunacaq, şagirdlər üçün mövzu üzrə dərslər keçiləcək, ekoloji laboratoriyalar təşkil olunacaq. Müxtəlif müəssisələrlə birgə əməkdaşlıq çərçivəsində ağacəkmə aksiyaları təşkil ediləcək.

Sonra ətraf mühitlə bağlı poster, kitab, jurnal, bülleten, foto və rəsmlərdən ibarət sərgiyə baxış olub. Sərgi məkanında F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası kamera orkestrinin ifasında musiqilər səslənib.

***

Oğuz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində “Yaşıl dünya naminə birləşək!” adlı rəsm və əl işləri müsabiqəsi keçirilib. Müsabiqədə rayon Uşaq-gənclər inkişaf mərkəzi, Kərimli, Yemişənli, Xalxal, Xaçmaz kəndlərindən məktəblilər, rayon MKS-nin Padar, Bayan, Xaçmaz kənd kitabxana filiallarının  əməkdaşları iştirak ediblər. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.

***

Mil-Muğan RMİ, regional Təhsil İdarəsi, Beyləqan Gənclər evi və digər qurumların təşkilatçılığı ilə “Gələcək – təmiz gələcək” adlı bilik müsabiqəsi keçirilib. “Nə? Harada? Nə zaman?” formatında keçirilən müsabiqədə rayonun tam orta məktəblərinin IX–XI siniflərini təmsil edən 16 komanda iştirak edib. I Şahsevən kənd Fazil Miriyev adına orta məktəb, Dünyamalılar kənd Əlibala Şirinov adına orta məktəb və I Şahsevən kənd Gəray Əsədov adına 1 nömrəli tam orta məktəbin komandaları müvafiq olaraq 1, 2 və 3-cü yerləri tutublar.

N.Məmmədli