Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə bölgələrdə müxtəlif tədbirlər keçirilir.

Zaqatala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə ümumtəhsil məktəbləri arasında “Azərbaycan xalqının xəzinəsi – Heydər Əliyev” adlı şeir qiraəti və mahnı müsabiqəsi keçirilib. Rayonun 66 təhsil ocağı təmsilçilərinin iştirak etdiyi müsabiqədə Ulu öndərə həsr edilən şeirlər və mahnılar səsləndirilib. Qaliblərin adları 10 may tarixində elan ediləcək.

***

Siyəzən rayon Heydər Əliyev Mərkəzində Ümummilli liderin azərbaycançılıq ideologiyasının gənclər arasında təbliği, gənclərin dünyagörüşünün və intellektual səviyyəsinin artırılması, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə “Xəmsə” milli intellektual oyunu keçirilib. 8 komandanın qatıldığı bilik yarışında ilk üç yeri Siyəzən şəhər 1, 2 və 4 nömrəli orat məktəblərin komandaları tutub.

***

Mərkəzi Aran RMİ-nin təşkilatçılığı ilə regional idarənin əhatəsinə aid olan şəhər və rayonlardakı mədəniyyət müəssisələrinin əməkdaşları arasında “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı bilik yarışı keçirilir.

Yarış seçim mərhələsi (yerli) və final mərhələsi (regional) olmaqla 2 mərhələdə təşkil olunur. Seçim (yerli) mərhələsi mayın 3-də keçirilib. Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarında təşkil edilən bilik yarışında iştirakçılar Azərbaycan mədəniyyəti, tarixi, coğrafiyası və dünyagörüşünə aid sualları cavablandırıblar.

Yerli mərhələnin qalib komandalarının iştirakı ilə mayın 8-də Ağdaşda final mərhələsi keçiriləcək.

***

Şuşa Dövlət Rəsm Qalereyasının (Bakı şəhəri) təşkilatçılığı ilə “Heydər Əliyev – müasir Azərbaycan dövlətçiliyinin memarı” mövzusunda fotosərgi keçirilib. Tədbirdə Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindən söz açılıb. Sərgidə Ulu öndərin həyatının, siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar nümayiş olunub.

***

Şirvan-Salyan RMİ-nin təşkilatçılığı ilə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində konsert keçirilib. Şirvan şəhər Uşaq musiqi məktəbinin müəllim və şagird kollektivinin ifasında vətənpərvərlik mahnıları səslənib.

Salyan rayon Heydər Əliyev Mərkəzində isə “Heydər Əliyev və dövlət gənclər siyasəti” mövzusunda tədbir təşkil edilib.

***

Qazax rayon Heydər Əliyev Mərkəzi və rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Qəlblərdə yanan əbədi işıq” adlı tədbir keçirilib. Məktəbin müəllim və şagirdlərinin ifasında Heydər Əliyevə həsr olunmuş şeirlər, mahnılar səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Tovuz rayon Mərkəzi Kitabxanasının təşəbbüsü ilə Tovuz regional “ASAN Xidmət” mərkəzində səyyar kitab sərgisi təşkil edilib. Ulu öndərin həyat yolu və siyasi fəaliyyəti ilə bağlı kitablar nümayiş olunub.

***

Cəlilabad şəhər 7 saylı tam orta məktəbin şagirdləri rayon Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Ekskursiya zamanı şagirdlərə Heydər Əliyevin siyasi fəaliyyəti haqqında məlumat verilib. Sonra məktəblilərə “Heydər Əliyevin dövlətçilik tariximizdəki rolu” mövzusunda açıq dərs keçilib.

Astara Tarix-Diyarşünaslıq Muzeyində “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda tədbir təşkil edilib. Tədbirdə Ərçivan qəsəbə Fuad Qasımov adına 1 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Nurəddin Məmmədli