Xətai Sənət Mərkəzində gənc rəssam Fidan Əmirovanın Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Naxışların izi ilə...” adlı fərdi sərgisi keçirilib.
Mayın 4-də təşkil olunan sərgidə rəssamın 30-dan çox dekorativ-tətbiqi sənət əsəri yer alıb. Təqdim olunan əsərlərdə müxtəlif texnikaları əhatə edən xalça elementləri əksini tapıb.
Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının (ARİ) sədr müavini Xalq Rəssamı Ağaəli İbrahimov, ittifaqın Dekorativ-tətbiqi sənət bölməsinin rəhbəri Xalq rəssamı Aydın Rəcəbov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov, sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru Əməkdar incəsənət xadimi Nazim Kazımov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və başqaları çıxış ediblər.
Vurğulanıb ki, Ulu öndər Heydər Əliyev hər zaman milli mədəni irsə, xalçaçılıq sənətinə, mədəniyyət və incəsənət xadimlərinin yaradıcılığına xüsusi diqqət yetirib.
Çıxış edənlər gənc rəssamın əsərlərinin ideya-bədii xüsusiyyətləri haqqında söz açıb, müəllifə təbriklərini çatdırıblar. Bildirilib ki, nümayiş olunan əsərlərdə qədim xalça elementləri müasir rənglər, formalar və texnikalarla tərənnüm edilir.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Qeyd edək ki, 2005–2016-cı illərdə Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasında və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alan Fidan Əmirova bir sıra respublika və beynəlxalq sərgilərdə iştirak edib, diplom, sertifikat və mükafatlara layiq görülüb.
Xatırladaq ki, Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Fidan Əmirovanın bundan öncə İsveçrədə sərgisi keçirilib.