Trabzon teatrının “Neytral zona”sı
Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə həyata keçirilən “Qonaq teatr” layihəsi çərçivəsində Trabzon Sənət Teatrı Bakıda çıxış edib. Türkiyəli sənətçilər ATXİ-nin səhnəsində yazıçı-dramaturq Firuz Mustafanın “Neytral zona” əsəri əsasında hazırladıqları tamaşanı təqdim edib.
Tamaşadan öncə çıxış edən ATXİ sədri vəzifəsi səlahiyyətlərini icra edən Xalq artisti Hacı İsmayılov artıq iki ildir keçirilən layihə haqqında danışıb, ilk dəfə bu səhnədə çıxış edən Trabzon Sənət Teatrı haqqında məlumat verib. Bildirib ki, 1993-cü ildən fəaliyyət göstərən sənət ocağının yaradıcısı və bədii rəhbəri Necati Zengindir. O, teatrda çox sayda tamaşaya quruluş verib. Türkdilli xalqların dramaturgiya nümunələri də teatrın repertuarında mühüm yer tutur. Teatr 2006 və 2009-cu illərdə Gürcüstanda qastrollarda iştirak edib. İndi isə Azərbaycanda səfərdədir.
Diqqətə çatdırılıb ki, Firuz Mustafanın “Neytral zona” əsəri Azərbaycan, Türkiyə, Ukrayna və Rusiyanın teatrlarında oynanılıb. Trabzon teatrında ərsəyə gələn səhnə əsərinin bədii rəhbəri Necati Zəngin, rejissoru Cemre Can Avcıdır.
Sonra tamaşa nümayiş olunub.
Nümayişdən sonra Trabzon Sənət Teatrının bədii rəhbəri Necati Zenginə Türkiyə-Azərbaycan mədəni əlaqələrinin inkişafında xidmətlərinə görə ATXİ-nin mükafatı təqdim edilib. Həmçinin Əməkdar incəsənət xadimi Firuz Mustafa “Neytral zona” tamaşasının orijinal ədəbi materialına görə ittifaqın fəxri fərmanı ilə təltif olunub.