Heydər Əliyev Mərkəzinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə mayın 7-də Şamaxı şəhərində ölkə üzrə Heydər Əliyev mərkəzlərinin toplantısı keçirilib.

Ulu öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilən toplantı müasir Azərbaycanın memarı Heydər Əliyevin irsinin, dövlətçilik ənənələrinin, inkişaf strategiyasının öyrənilməsi və təbliği məqsədilə silsilə tədbirlər çərçivəsində keçirilib.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova toplantıda Ulu öndərin dövlətçilik fəlsəfəsinin, siyasi irsinin öyrənilməsinin vacibliyini qeyd edib, onun misilsiz tarixi xidmətlərinin tədqiq və inkişaf etdirilməsində Heydər Əliyev mərkəzlərinin rolunu vurğulayıb.

Heydər Əliyev Mərkəzinin (Bakı şəhəri) departament direktoru Rəna Məmmədova mərkəzin fəaliyyəti haqqında danışıb, Heydər Əliyev irsinin öyrənilməsi, geniş təbliği və tətbiqi məqsədilə silsilə tədbirlərin, ekskursiyaların, müxtəlif yaş qruplarını əhatə edən layihələrin həyata keçirildiyini, “Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışlarının təşkil edildiyini bildirib.

Şamaxı, Suraxanı (Bakı), Masallı, Zərdab, Şabran, Tərtər, Qax, Neftçala, İmişli rayon və Gəncə şəhər Heydər Əliyev mərkəzlərinin direktorları Ulu öndərin irsinin araşdırılması istiqamətində təmsil etdikləri qurumların fəaliyyətindən, həyata keçirilən layihələrdən bəhs ediblər.