Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda rəssam-pedaqoq Xanım Məmmədovanın fərdi sərgisi keçirilib.
Açılış mərasimində ARİ-nin katibi Xalq rəssamı Ağaəli İbrahimov çıxış edərək rəssamın rənglər dünyasından danışıb, sərgi münasibətilə müəllifə təbriklərini çatdırıb. Bildirib ki, Xanım Məmmədova Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini və Azərbaycan Dövlət və Mədəniyyət Universitetini (ADMİU) rəngkarlıq ixtisası üzrə bitirib. ARİ-nin üzvü olan fırça ustası 2007-ci ildən ADMİU-da dərs deyir. Bu günə kimi respublikada və ölkəmizdən xaricdə bir sıra sərgilərin iştirakçısı olub.
Xalq rəssamı Xanlar Əhmədov da müəllifi təbrik edib, onun əsərlərinin sənətsevərlər tərəfindən hər zaman maraqla qarşılandığını deyib.
Çıxışlardan sonra sərgi ilə tanışlıq olub. Sərgidə rəssamın müxtəlif texnikalarla işlənmiş 60-a yaxın əsəri yer alıb.