Mayın 8-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) konfrans zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

İttifaqın sədri Xalq artisti, professor Firəngiz Əlizadə tədbiri açaraq Azərbaycan musiqi mədəniyyətinin inkişafında Heydər Əliyevin böyük tarixi xidmətlərinin olduğunu bildirib. Qeyd olunub ki, Heydər Əliyevin ölkəmizdə birinci rəhbərliyi dövründə bəstəkarlarımıza xüsusi diqqət və qayğı göstərilib. Ulu öndərin Azərbaycan milli musiqi mədəniyyətinin korifeyləri – Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Müslüm Maqomayevlə şəxsi dostluğu yeni-yeni dəyərli əsərlərin yaranmasına vəsilə olub.

ABİ-nin sədri Ümummilli liderin elm və incəsənət xadimləri ilə ünsiyyətini əks etdirən “Heydər Əliyev. Təltiflər” adlı kitabın Ankarada işıq üzü gördüyünü diqqətə çatdırıb. Ötən il dahi siyasətçinin 100 illik yubileyi münasibətilə Bəstəkarlar İttifaqı tərəfindən “Heydər Əliyev və musiqi mədəniyyəti” adlı kitabın da çap olunduğu vurğulanıb.

Xalq artisti Tofiq Bakıxanov Ulu öndərlə bağlı xatirələrini bölüşüb. Qocaman bəstəkarın çıxışı Prezident Heydər Əliyevin 2001-ci ildə ona “Şöhrət” ordenini təqdim etməsi ilə bağlı videofraqmentlə müşayiət olunub.

Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva “Heydər Əliyev və Azərbaycan musiqi xadimləri”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “Heydər Əliyevə həsr olunan musiqi əsərləri”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aytən Babayeva “Heydər Əliyev və musiqi mədəniyyəti” kitabı haqqında” məruzələrlə çıxış ediblər.

Bədii hissədə Heydər Əliyev dühasına həsr olunan musiqilər səslənib. Proqramda Tofiq Bakıxanovun “Həmişə bizimləsən” simfonik poeması, gənc bəstəkar İlahə Qismətin “Sən dahisən” və digər bəstəkarların əsərləri ifa olunub.