Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Heydər Əliyev – xalq məhəbbətinin sönməz günəşi” adlı tədbir keçirilib.
Öncə Dövlət Himni səsləndirilib, Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra mərkəzin 2009–2024-cü illər ərzində Ulu öndərin zəngin siyasi irsinin təbliği istiqamətindəki fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Çıxışlarda Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyət olduğu qeyd edilib. Ulu öndərin ideyaları, zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla irəliləyən müasir Azərbaycan dövləti və xalqı tarixinin şərəfli və qürurverici dövrünü yaşadığı vurğulanıb.
Bədii hissədə Naxçıvan MR-in Əməkdar artisti Elçin Nağıyev, Gülarə Əliyeva adına 3 nömrəli Uşaq incəsənət məktəbinin nəfəsli alətlər orkestri, 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi PHŞ-nin şagirdləri, “Azəri inciləri” rəqs qrupu və S.Bəhlulzadə adına Mədəniyyət Sarayı nəzdində fəaliyyət göstərən “Star” rəqs qrupu çıxış edib.
Sonda Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dahi siyasətçinin zəngin dövlətçilik irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə mərkəz tərəfindən bir neçə məktəb və təşkilatçılar təşəkkürnamə ilə təltif olunublar.