Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 20 illiyi ilə əlaqədar virtual sərgi hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Virtual sərgidə rəsmi sənədlər, Heydər Əliyev Fondunun fəaliyyəti ilə bağlı, həmçinin həyata keçirdiyi layihələr haqqında kitablar, dövri mətbuat səhifələrində dərc edilən məqalələr, fotolar və bir sıra materiallar tam mətnləri ilə nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Heyder_Eliyev_fondu/index.htm linkindən istifadə edə bilərlər.

Bildirək ki, Heydər Əliyev Fondu Ümummilli liderimizin əziz xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədilə yaradılıb.

10 may 2004-cü il tarixində fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.

Eyni zamanda Fond xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etməyi, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür. Bir sözlə, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. Ən əsası isə odur ki, Heydər Əliyev Fondu Ulu öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir.

Heydər Əliyev Fonduna Azərbaycan Respublikasının birinci vitse-prezidenti, ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva rəhbərlik edir.