Azərbaycan Rəssamlar İttifaqının (ARİ) V.Səmədova adına sərgi salonunda rəssam-dizayner Esmiralda Tağızadənin fərdi yaradıcılıq sərgisi açılıb. Sərgi rəssamın 70 illik yubileyinə həsr olunub.

ARİ-nin katibi Xalq rəssamı Ağaəli İbrahimov çıxışında rəssamı “yaradıcılıq” sözünün mahiyyətini tam açaraq təqdim edən sənətkar kimi dəyərləndirib. Bildirib ki, Esmiralda Tağızadə Mədəniyyət və İncəsənət Universitetinin Dizayn fakültəsini bitirən ilk peşəkar rəssamlardandır. Onun ilk fərdi sərgisi 2000-ci ildə təşkil olunub. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə də məşğul olur.

Xalq rəssamı Arif Hüseynov,  “Yeni Gallery”nin direktoru Rafael Gülməmmədli, “Bakı” rəsm qalereyasının rəhbəri Eldəniz Babayev çıxış edərək yubilyarı təbrik ediblər.

Esmiralda Tağızadə qonaqlara təşəkkür edərək sənətə gəlişindən, keçdiyi yaradıcılıq yolundan söz açıb.

Qeyd edək ki, mayın 6-dan 13-dək davam edən sərgidə rəssamın 70 əsəri yer alıb.

***

Vəcihə Səmədova adına sərgi salonda keçirilən daha bir sərgidə rəssam-pedaqoq Xanım Məmmədovanın əl işləri nümayiş olunub.

ARİ-nin katibi Ağaəli İbrahimov sərgi münasibətilə müəllifə təbriklərini çatdırıb. Bildirib ki, Xanım Məmmədova Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini və Azərbaycan Dövlət və Mədəniyyət Universitetini (ADMİU) rəngkarlıq ixtisası üzrə bitirib. ARİ-nin üzvü olan fırça ustası 2007-ci ildən ADMİU-da dərs deyir. Respublikada və ölkəmizdən xaricdə bir sıra sərgilərin iştirakçısı olub.

Xalq rəssamı Xanlar Əhmədov da həmkarını təbrik edib, onun əsərlərinin sənətsevərlər tərəfindən hər zaman maraqla qarşılandığını deyib.

Çıxışlardan sonra sərgi ilə tanışlıq olub. Sərgidə rəssamın müxtəlif texnikalarla işlənmiş 60-a yaxın əsəri təqdim edilib.

Lalə