İt xilas olsa da, baş qəhrəmanın it zülmü bitmir

 

Otuzdan artıq əsəri ölkənin müxtəlif teatrlarında səhnəyə qoyulan, yazıçı ömrünün əhəmiyyətli bir hissəsini dramaturgiyaya həsr edən Əməkdar incəsənət xadimi Firuz Mustafa bütün pyeslərində çağdaş insanın ağrısını dağdan arana, arandan dağa daşıyaraq haqq sözünü, həqiqətin yolunu ustalıqla göstərir. Onun qəhrəmanları mürəkkəb həyat burulğanında çox sadə məqamlarda dolaşığa düşən insanlar olsalar da, yazıçı ləyaqət prinsipinə əməl edərək onların hər birinə mütləq bir missiya yükləyir. Özü də bunu dramaturgiyanın məhdud imkanlarında elə usta ölçü ilə paylayır ki, sən bəzən ən əclaf tipaja da ya acıyır, ya da gülürsən. Nifrət isə ya olur, ya da heç həndəvərindən də keçmir.

Firuz Mustafanın “Neytral zona” pyesi bundan öncə Qazax Dövlət Dram Teatrında, ardınca da Dərbənd Azərbaycan Dram Teatrında (Dağıstan, RF) tamaşaya qoyulub. Əsər sadə hekayəni nəql etsə də, bəşəri anlamda insan və ona olan münasibətə, ya da münasibətsizliyə dramaturqun sərt təpkisidir.

Pyes “Tərəfsiz bölgə” adı ilə artıq Türkiyənin Trabzon Sənət Teatrının da repertuarındadır. Azərbaycana böyük sevgisi olan əsl teatr fədaisi və təəssübkeşi Necati Zenginin rəhbərlik etdiyi heyət müəllifin aktual və bəşəri kontekstdə çoxqatlı əsərinə özünəməxsus yozum verməyə çalışıb.

Premyerası ötən il gerçəkləşən tamaşa bu günlərdə (6–7 may) bizim teatrsevərlərə də təqdim edildi. Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə həyata keçirilən “Qonaq teatr” layihəsi çərçivəsində Trabzon Sənət Teatrı Bakıda çıxış etdi.

Əsəri yazıçı-tərcüməçi, ötən il qardaş ölkədə zəlzələ qurbanı olmuş Abdulkadir Özkan türkcəyə çevirmişdi. Tamaşanın quruluşçu rejissoru Cemre Can Avçı, dekor, kostyum və rəsmlərin müəllifi Murat Aslan və Lale İsgenderoğlu, işıq mühəndisi Aygün Güner Aslandır.

Rolları aktyorlar Lale İsgenderoğu, A.Songül Nadir, Kevset Nur Yılmaz, Süleyman Sarıkaya, Serkan Serbest, Haktan Özkan, Seyman Ali Pervanoğlu, Mete Aslan ifa edirlər.

Yuxarıda da qeyd etdiyim kimi, əsər sadə insan taleyinə laqeyd münasibətə usta eyhamdır. Tamaşada iki dövlət sərhədi arasındakı neytral zonada – tərəfsiz bölgədə öz sənədini, yəni pasportunu və pullarını  itirən qəhrəmanın – Vasifin başına gələn qəribə hadisənin nəqlidir.

Tamaşa boyu həm komik, həm də faciəvi hadisələr bir-birini əvəz edir. Çarəsizliyin tragikomik təzahürü olan əsərdə bu boyda Yer üzünə sığmayan, heç yanda yeri olmayan, bir kağız parçasından dolayı inkar edilən insan taleyi təsvir edilir.

Onu nə getdiyi, nə də gəldiyi keçid məntəqəsindən içəri buraxmırlar. Hadisələrin gedişi zamanı məlum olur ki, tərəfsiz bölgədə qalan qəhrəmanın hər iki tərəfdə bir-birindən xəbərsiz  ailəsi və uşaqları var. Çıxış yolunu hər iki tərəfdəki arvadlarını köməyə çağırmaqda görən çarəsiz Vasif problemin daha da böyüməsinə nail olur. Bu da sərhəd keçid məntəqəsində bütün günü mürgü vuran kiçik məmurlara əsl mövzu olur. Onlar inkar etdikləri vətəndaşları üzərindən əylənir və boz çöllükdəki monoton həyatlarına, cansıxıcı növbə müddətlərinə belə rəng qatmağa çalışırlar.

Sənədlərini hər iki arvadından xəbər alan Vasif onların köməyə gəlməsinə sevinə bilmir. Çünki ikili vətəndaşlığı və arvadları qarşısında cavab verməlidir. Gözlənilənin əksinə olaraq, arvadları asanlıqla dostlaşırlar. İndi onların bir məqsədi var: Vasifi xilas eləmək. Amma bu elə də asan məsələ deyil.

Bir nəticə hasil olmur. Bu zaman hər iki dövlətin insan haqlarını müdafiə edən əməkdaşları neytral zonaya təşrif buyururlar. Hərə bir məsləhət, beynəlxalq konvensiyalardan bir sitat gətirir. Amma çifayda. Vasif yenə də çıxış yolunu tapa bilmir.  Və belə məlum olur ki, onun düşdüyü situasiyadan xilas olması heç də asan məsələ deyildir. Pasportsuz qalan şəxsin tərəfsiz bölgədən çıxması ən yüksək, yəni dövlət səviyyəsində həll olunmalıdır. Məsələyə hətta beynəlxalq qurumlar müdaxilə etməlidir.

Gərgin və zaman-zaman ona rəng qatan komik hadisələr fonunda biz bürokratik əngəllər, onun fonunda personajların iç dünyası, psixologiyasına nüfuz edə bilirik.

Bu arada tərəfsiz bölgədə məftillər arasında ilişib qalan bir itin də hekayəsini dinləyirik. Sərhədçi Vasifə təsəlli verirmiş kimi “Burada qalan tək sən deyilsən. O yazıq it də neçə gündür hürür. Amma sənədi olmadığından onu sərhəddən buraxa bilmirik” deyib irişir.

Sonra hadisələr kəskin şəkildə dəyişir. Hüquq müdafiəçilərinin məsləhəti ilə ərlərini müdafiə şüarları ilə hər iki ölkənin yüksək məmurlarının qarşısında etiraz edən qadınlar döyülüb-söyülür və kor-peşman geri dönürlər. Əvəzində itin bəxti açılır. Bəlli olur ki, sən demə, o, Avropa ölkələrindən birinin rəhbərinin xanımının iti imiş və axtarışdadır. İt hörmət-izzətlə sərhəddən götürülərək beynəlxalq təşkilatın təyyarəsi ilə sahibəsinin yanına göndərilir. Amma Vasifin it zülmü bitmir ki, bitmir...

Maraqla izlənilən tamaşa alqışlarla qarşılandı. Ardınca qonaq teatr mənsubları təltif olundular. Trabzon Sənət Teatrının bədii rəhbəri Necati Zenginə Türkiyə-Azərbaycan mədəni əlaqələrinin inkişafındakı xidmətlərinə görə ATXİ-nin mükafatı, “Tərəfsiz bölgə” tamaşasının orijinal həllinə görə teatrın yaradıcı heyətinin üzvlərinə isə ittifaqın fəxri fərmanları verildi.

Həmidə