Rəssamlar doğma yurdu tərənnüm edirlər
“Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində mayın 12-də Şuşada “Qarabağnamə” adlı sərgi də təşkil edilib.
Şuşa Yaradıcılıq Mərkəzində açılan sərgidə 23 rəssamın Qarabağın tarixi, zəngin mədəniyyəti, məişəti, xüsusilə də Şuşanın tarixi və memarlığını əks etdirən əsərləri nümayiş olunub.
Qarabağın tarixinə, füsunkar təbiətinə boyalara həyat verən təsviri sənət ustalarımızın “Laləzar körpüsü”, “Saatlı məscidi”, “Azad Şuşa”, “Şuşa incisi”, “Ana Vətən” və digər əsərləri böyük maraq doğurub. Rəssamlar Azərbaycanın dilbər guşəsi Qarabağa xüsusi həssaslıqla yanaşıblar. Qarabağın tarixi şəxsiyyətləri, başı qarlı dağları, çayları, dərələri əsərlərdə çox təbii alınıb.
Sərgilənən əsərlərdə Qarabağın musiqi sənəti, süfrə mədəniyyəti, bayram coşqusu, milli mətbəxi kimi mövzular böyük həvəslə canlandırılıb.
Əsərləri nümayiş etdirilən müəlliflər öz sevinclərini bölüşərək yaradıcılıqlarında bundan sonra da doğma, əziz Qarabağımıza və onun baş tacı olan Şuşaya xüsusi yer ayıracaqlarını bildiriblər.