Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşada Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

Məlumat verilib ki, Heydər Əliyev Fondu tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə məsciddə və məscid ərazisindəki bulaqda aparılan bərpa işlərinə 2023-cü ildə başlanılıb. Mamayı məscidi şəhərin mərkəzi hissəsində yerləşən Mamayı məhəlləsində XIX əsrin sonlarında tikilib. Məscid sovet hakimiyyəti illərində poeziya evi kimi də fəaliyyət göstərib. Şəhərin digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olub. İşğal dövründə məscid və onun yanında yerləşən bulaq yararsız hala salınıb. Erməni işğalçıları bulağın daşlarının üzərinə erməni və rus dilində yazılmış lövhə, xaç işarəsi də həkk etmişlər. Aparılan bərpa işləri nəticəsində bu saxtakarlığın izləri aradan qaldırılıb.

***

Prezident və birinci xanım Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışında da iştirak ediblər.

Bildirilib ki, Heydər Əliyev Fondu tərəfindən “Şirin su” hamamında 2022-ci ildən aparılan bərpa işləri başa çatıb. “Şirin su” hamamı 1880-ci ildə inşa edilib. Vaxtilə şəhərin digər hamamlarında ərazilərdəki şor quyu sularından istifadə olunurdu. Bu hamam isə Xan qızı Xurşidbanu Natəvanın Şuşaya çəkdirdiyi şirin su ilə təchiz edilib. Buna görə də hamam “Şirin su” hamamı adlandırılıb. Şuşa şəhəri 1992-ci ildə ermənilər tərəfindən işğal edildikdən sonra “Şirin su” hamamında abidənin memarlıq üslubuna aid olmayan dəyişikliklər edilmiş, əlavə tikintilər aparılmış, hamam yararsız vəziyyətə salınmışdı.

Avstriyanın “Wehdorn Architekten” şirkətinin mütəxəssislərinin iştirakı ilə aparılan bərpa işləri zamanı ilkin hamama aidiyyəti olmayan hissələr sökülüb, bütün xarici və daxili hissələr – fasad, dam, qapı-pəncərə sistemi, döşəmə, tavan bərpa edilib.

***

Prezident və birinci xanım Şuşada Aşağı Gövhər ağa məscidində aparılan bərpa işləri ilə tanış olublar.

Bərpa işləri Heydər Əliyev Fondu tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə həyata keçirilir. Layihəyə Avstriya, İtaliya, Latviya və Türkiyədən olan mütəxəssislər cəlb olunub. XIX əsrdə Kərbəlayı Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn Aşağı Gövhər ağa məscidi İbrahim xanın qızı Gövhər ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Şuşanın işğalı zamanı Aşağı Gövhər ağa məscidi erməni vandalizminin qurbanına çevrilmişdi. Məscidin binası və minarələri ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnmişdi.

Məscidin minarələri bərpa olunub, dam və döşəmə örtükləri dəyişdirilməklə bir sıra təmir işləri həyata keçirilir. Bərpa işləri eyni zamanda mədrəsə bölməsini də əhatə edir.

Qeyd edək ki, indiyədək Şuşada Heydər Əliyev Fondu tərəfindən Yuxarı Gövhər ağa, Saatlı məscidləri, eləcə də Mehmandarovların malikanə kompleksi ərazisindəki məscid bərpa edilib və 2023-cü ilin may ayında istifadəyə verilib.