Azərbaycan mədəniyyətinə itki üz verib. Əməkdar artist, Prezidentin fərdi təqaüdçüsü, uzun illər Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru olmuş Faiq Sadıqov 13 may 2024-cü il tarixində, 76 yaşında dünyasını dəyişib.
Faiq Əbülfəz oğlu Sadıqov 10 oktyabr 1948-ci ildə anadan olub. İlk musiqi təhsilini Gəncədə Qəmbər Hüseynli adına Musiqi məktəbinin tar sinfində alıb. Asəf Zeynallı adına Musiqi Texnikumundan məzun olduqdan sonra təhsilini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) Xalq çalğı alətləri şöbəsində davam etdirib. Burada iki il oxuduqdan sonra dirijorluq sahəsini seçib, Əhəd İsrafilzadədən sənətin sirlərini öyrənib.
1979-cu ildən Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində çalışıb. Bu kollektivlə Avropa və Azərbaycan bəstəkarlarının çoxsaylı əsərlərinin orkestrləşdirilməsinə nail olub.
Allah rəhmət eləsin.