Mayın 14-də M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının kollektivi Türkiyənin İğdır şəhərində K.Ağayevanın “Tıq-tıq xanım” və Ə.Abbasovun “Keçinin qisası” tamaşalarını nümayiş etdirib.
Teatrın səfəri Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və İğdır-Azərbaycan Evinin birgə təşkilatçılığı ilə NMR-in yaradılmasının 100 illiyi münasibətilə reallaşıb.
Səhnə əsərləri İğdır şəhərindəki Aras Peşə və Texniki Anadolu Liseyində nümayiş olunub.
Nümayişdən əvvəl İğdır-Azərbaycan Evinin sədri Ziya Zakir Acar və Naxçıvan Dövlət Kukla Teatrının direktoru Xalq artisti Şirzad Abutalıbov səhnəyə çıxaraq ortaq mədəni irsimizin, folklorumuzun təbliği və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən bəhs ediblər.
Sonra tamaşalar nümayiş olunub. Xalq artisti Şirzad Abutalıbovun quruluş verdiyi “Tıq-tıq xanım” tamaşasında və NMR-in Əməkdar mədəniyyət işçisi Nadir Hüseynovun quruluş verdiyi “Keçinin qisası” tamaşasında Əfqanə Ələsgərova, İlqar Babayev, İbad Nəbiyev, İlham Babayev, Ulduz Süleymanova, Sənan Abutalıbov, Süleyman Süleymanov və digər aktyorlar rol alıblar.
Hər iki tamaşanın quruluşçu rəssamı NMR-in Əməkdar rəssamı Rafael Qədimov, bəstəkarı Əli Məmmədovdur.
Səhnə əsərləri balaca teatrsevərlərin alqışları ilə qarşılanıb. Nümayişdən sonra yaradıcı heyətə diplom və təşəkkürnamələr təqdim olunub.