Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası şair, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Cəfər Cabbarlının 125 illik yubileyinə həsr edilmiş “Cabbarlı işığı” adlı tədbir keçirib.
Tədbirdə Cəfər Cabbarlının ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələr haqqında danışılıb. Onun bədii, publisistik yaradıcılığının çoxşaxəli, mövzu etibarilə rəngarəng və dərin məzmunlu olduğu bildirilib, özündən sonra zəngin ədəbi-bədii, elmi irs qoyub getdiyi vurğulanıb.
Bədii hissədə 169 nömrəli tam orta məktəbin şagirdləri şairin şeirlərini səsləndirib, “Solğun çiçəklər” əsərindən Saranın ölüm səhnəsini nümayiş etdiriblər.
Daha sonra 10 nömrəli Uşaq musiqi məktəbinin tar və skripka müəllimlərinin müşayiəti ilə Şuşa Humanitar Kollecinin tələbəsi, xanəndə Ziya Səfərzadə sözləri Cabbarlıya məxsus olan “Azad bir quşdum” mahnısını ifa edib.
Sonda çıxış edən yazarın nəvəsi, Cəfər Cabbarlının Ev-Muzeyinin direktoru Qəmər Seyfəddinqızı ədibin yaradıcılığı və ictimai fəaliyyəti ilə bağlı maraqlı faktları diqqətə çatdırıb.