Mayın 15-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə təşkil edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Cövdət Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin şagirdlərinin ifasında Dövlət Himni səsləndirilib.

Daha sonra “Ən yaxşı təqdimat” müsabiqəsinə dair videoçarx nümayiş etdirilib.

Çıxış edən Baş nazirin müavini Əli Əhmədov böyük ənənəyə malik müsabiqənin 20 ildən artıqdır ki, məktəblilər arasında keçirildiyini söyləyib. O bildirib ki, müsabiqə qaliblərinin bilik və bacarıqları sayəsində qazandıqları bu mükafat onların həyatında əhəmiyyətli yer tutmaqla yanaşı, gələcək hədəflərinin müəyyənləşməsində də mühüm rol oynayacaq.

Elm və təhsil naziri Emin Əmrullayev nazirlik tərəfindən şagirdlər arasında təşkil olunan müsabiqələr barədə tədbir iştirakçılarına məlumat verib. Məktəblilər arasında keçirilən respublika fənn olimpiadalarının əhəmiyyətinə toxunan nazir bildirib ki, bu olimpiadalar şagirdlərimizin gələcəkdə dünyanın nüfuzlu ali təhsil müəssisələrində oxumalarına imkan yaradır.

Şagirdlərin təkcə müxtəlif fənlər üzrə bilik və bacarıqlara yiyələnməsi deyil, eyni zamanda, öz tarixlərini, milli kimliklərini öyrənməsini vacib sayan Emin Əmrullayev “Qərbi Azərbaycana qayıdış” olimpiadasını da bu qəbildən olan müsabiqələrdən biri kimi qiymətləndirib.

Sonda Qarabağda bərpa edilən təhsil ənənələrinə toxunan Emin Əmrullayev müsabiqə qaliblərini Qarabağ Universitetinin tələbəsi olaraq görmək arzusunu da dilə gətirib.

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Ulu Öndər Heydər Əliyevin hər zaman Azərbaycan gəncliyinə önəm verdiyini söyləyib. Bildirib ki, gənclərin qabaqcıl universitetlərdə təhsil almaları baxımından ölkəmizdə böyük işlər görülüb. Tahir Budaqov cari ildə məktəblilər arasında “Yaşıl dünya naminə intellektual müsabiqə”nin keçiriləcəyini diqqətə çatdırıb.

Daha sonra Ulu Öndər Heydər Əliyev haqqında videoçarx nümayiş etdirilib.

“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələri əsasında 7 nəfər I, 11 nəfər II, 16 nəfər III dərəcəli diplomla təltif olunub və onlara hədiyyələr təqdim edilib.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının nəzdində Respublika incəsənət gimnaziyası şagirdlərinin və 3 nömrəli Respublika Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəqs qrupunun ifasında musiqi nömrələri səsləndirilib, rəqslər nümayiş etdirilib.

Qeyd edək ki, “Ən yaxşı təqdimat” müsabiqəsi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilir.

Bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika səviyyəsində təşkil olunan müsabiqəyə bütün regionlardan 2 944 şagird qatılıb. Hər bir rayon və şəhərdən müəyyən olunmuş kvotaya əsasən 90 şagird komissiya tərəfindən qiymətləndirilərək ölkə mərhələsinə seçilib.

Müsabiqə Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilib.