Xəbər verdiyimiz kimi, 15–20 may tarixlərində Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) 90 illiyi ilə bağlı silsilə tədbirlər çərçivəsində “Gənc bəstəkarların plenumu” keçirilib.
ABİ-nin Ü.Haclbəyli adına konsert salonunda plenumun açılış mərasimi olub. Tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, tanınmış musiqi xadimləri iştirak ediblər.
ABİ-nin sədri Xalq artisti, professor Firəngiz Əlizadə 2007-ci ildən etibarən gənc bəstəkarların yaradıcılığına həsr olunmuş doqquz plenumun keçirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, dövlət tərəfindən gənc bəstəkarlara göstərilən qayğı (təqaüdlərin, mükafatların verilməsi), eyni zamanda Bəstəkarlar İttifaqının gənclərə diqqəti onların yaradıcı inkişafı üçün böyük əhəmiyyət daşıyır.
Firəngiz Əlizadə plenumun iştirakçılarına yeni uğurlar arzulayıb.
Sonra gənc bəstəkarların əsərləri ifa olunub. Plenumun ilk günü kamera musiqisinə həsr edilib.
İlahə Qismət-Abdullanın “Rəngli lövhələr” – fortepiano məcmuəsindən pyeslər, Sevinc Əliyeva-Qəmbərovanın “Payız gecəsində düşüncələr”, Vəfa Bağırzadənin “Mərhəba”, Fərid Fətullayevin “Ayüzlü nigarım” romansları, Tural Məmmədlinin “Ay işığında” piano üçün pyesi, Elvin Quliyevin skertso-vals (tar, kamança və piano üçün) və s. kamera-instrumental əsərləri səslənib.
Mayın 17-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Əməkdar artist Fuad İbrahimov) müşayiətində simfonik konsert keçirilib.
ABİ-nin sədri Firəngiz Əlizadənin təşəbbüsü ilə proqrama gənc bəstəkarların vətənpərvərlik mövzusunda irihəcmli əsərləri daxil edilib.
Tural Məmmədlinin “Şuşa fəthi”, Vüqar Məmmədzadənin “İnsan”, Elvin Quliyevin “Qayıdış”, Eldar Babayevin “Gələcəyi düşünərkən” simfonik poemaları, İlahə Qismət-Abdullanın “Zəfər yolu”, Fərid Fətullayevin “Dəsgah” simfonik orkestr üçün əsərləri səslənib.
Bu əsərlərin hər biri müxtəlif təfəkkürün məhsulu olsa da, onları bədii cəhətdən birləşdirən bir ideya var ki, bu da vətənpərvərlikdir. Təbii ki, gənc bəstəkarların belə bir mövzuya müraciət etməsinin başlıca səbəbi onların Vətənə məhəbbəti ilə yanaşı, 44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi şanlı Zəfərdir. Bu əsərlərin səslənməsində dirijorun da əməyi qeyd olunmalıdır. Fuad İbrahimov hər bir əsərin bədii məzmununu dərindən duyaraq onu bəstəkarın düşündüyü tərzdə və öz interpretasiyası ilə təqdim edib.
Mayın 20-də plenumun nəticələri ilə bağlı ABİ-də dəyirmi masa təşkil edilib. Bəstəkar və musiqişünaslar əsası dahi Üzeyir Hacıbəyli tərəfindən qoyulan bu yaradıcılıq təşkilatının ənənələrinin yaşadılması və plenumun nəticələri barədə söhbət açıblar. Plenumun konsert proqramlarında təqdim olunan əsərlər barədə fikirlər səslənib.