Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri - Mustafayev Sabir İslam oğlu Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin əməkdaşları, qazilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhid Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salınıb. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, şəhidin ruhuna dualar oxunub. Onun tabutuna bükülmüş Azərbaycanın üçrəngli Dövlət Bayrağı qardaşı oğlu Elşad Mustafayevə təqdim edilib.
E.Mustafayev jurnalistlərə müsahibəsində deyib: “Otuz ildən çoxdur ki, nənəm, atam və ailəmin digər üzvləri ilə birlikdə əmilərimin yolunu gözləmişik. Hər iki əmim Birinci Qarabağ müharibəsi zamanı Vətənin müdafiəsi üçün cəbhəyə könüllü yollanıblar. Mənim nənəmin 3 oğlu var idi. Atam yaşadığı müddət ərzində öz qardaşları ilə həm fəxr edirdi, həm də onların yolunu gözləyirdi. Təəssüf ki, nə atam, nə də nənəm əmilərimin dəfnini görmədilər. Onlar qardaş, övlad həsrətinə dözə bilmədilər”.
İtkin düşmüş əmisinin nəşinin tapılmasına, bununla da ailəni illərin həsrətindən qurtardıqlarına görə dövlətimizin başçısına minnətdarlıq edən şəhidin qardaşı oğlu bildirib: “Sabir əmimin adına uyğun layiqli şəkildə torpağa tapşırılmasına görə dövlətimizə təşəkkür edirəm. Bütün şəhidlərimizə Allahdan rəhmət, onların ailəsinə isə səbir diləyirəm”.
Qeyd edək ki, Sabir Mustafayev 1963-cü il martın 16-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində anadan olub. 1991-ci ildə Şıxov taborunun tərkibində Vətənin müdafiəsi üçün hərbi xidmətə yollanan və bir sıra döyüşlərə qatılan Sabir Mustafayev 1992-ci il yanvarın 26-da şəhid olub. O, Daşaltı kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdü.
Qardaşı 1959-cu il təvəllüdlü Mustafayev Malik İslam oğlu isə 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı zamanı itkin düşüb.
***
Bu yaxınlarda nəşinin qalıqları tapılan şəhidlərdən biri də Yusif Balasəf oğlu Ağayevdir.
Mayın 15-də şəhidlə vida mərasimi keçirildikdən sonra nəşi Bakının Yasamal rayonunda yerləşən İkinci Şəhidlər xiyabanına gətirilib.
Dəfn mərasimində şəhər sakinləri, şəhidin ailə üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhid Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salınıb. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, şəhidin ruhuna dualar oxunub. Onun tabutuna bükülmüş Azərbaycanın üçrəngli Dövlət Bayrağı oğlu Vüqar Ağayevə təqdim edilib.
Şəhidin qardaşı Asif Ağayev jurnalistlərə müsahibəsində deyib: “1991-ci ildə qardaşım Yusif ordu sıralarına getmiş və Malıbəyli, Nəbilər, Şuşanın kəndləri uğrunda gedən döyüşlərdə mərdlik göstərmişdi. 1992-ci il yanvarın 23-də onunla bərabər Azərbaycanın igid oğulları vertolyotla Şuşaya uçmuş və orada 2-3 gün təlim keçdikdən sonra yanvarın 25-dən 26-na keçən gecə Daşaltı kəndinin müdafiəsində iştirak etmişdilər. Qardaşım Yusif 1992-ci il yanvarın 26-da qəhrəmancasına şəhid oldu. O, Daşaltı uğrunda gedən döyüşlərdə itkin düşmüşdü. Qardaşımın nəşinin tapılması bizi 32 illik həsrətdən qurtardı. Allah bütün şəhidlərimizə rəhmət etsin. Qazilərimizə cansağlığı, bütün Azərbaycan əsgərlərinə hərbi xidmətlərində uğurlar arzulayıram”.
Qeyd edək ki, Yusif Ağayev 1959-cu il sentyabrın 12-də Şamaxı rayonunun Bağırlı kəndində anadan olub. 1991-ci ildə hərbi xidmətə yollanan və bir sıra döyüşlərə qatılan Yusif Ağayev 1992-ci il yanvarın 26-da şəhid olub.