Mayın 16-da AMEA-nın prezidenti akademik İsa Həbibbəyli mədəniyyət naziri Adil Kərimli ilə görüşüb.
Bu barədə AMEA-dan bildirilib. Rəyasət Heyətində keçirilən görüşdə alimlərin AMEA-da təşkil edilən rəsm sərgiləri, elmi idrakla bədii düşüncənin qarşılıqlı əlaqələrinə həsr edilmiş “Fizika və lirika” konfranslarından danışılıb, AMEA ilə Mədəniyyət Nazirliyinin qarşılıqlı əməkdaşlıq əlaqələri, həyata keçirilən müştərək tədbir və layihələr, qarşıda duran vəzifələr, elektron kitabxana və muzey işinin təşkili və s. istiqamətlərdə geniş müzakirələr aparılıb.
Daha sonra mədəniyyət naziri Adil Kərimli AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün elan edilmiş müsabiqəyə təqdim edilən layihələrlə tanış olub.
Akademik İsa Həbibbəyli nazir Adil Kərimliyə AMEA-da nəşr olunmuş “Azərbaycan muğamı miniatürlərdə” kitabını hədiyyə edib.
Görüşdə mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Milli Kitabxananın direktoru professor Kərim Tahirov və AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri dosent Ağahüseyn Şükürov da iştirak ediblər.