Xalçaçılıq Azərbaycan xalqının məişətində geniş yayılmış dekorativ-tətbiqi sənət sahələrindən biridir. Tarix boyu Azərbaycan ərazisində müxtəlif növ nəfis işləməli xalçalar istehsal olunmuşdur. Burda olmuş səyyahlar, tarixçilər bu xalçalardan ağızdolusu söz açmış, heyranlıqlarını gizlədə bilməmişlər.
Azərbaycanda xalçaçılığın tarixi eramızdan əvvəllərə gedib çıxsa da, onun müstəqil sənət sahəsi kimi inkişafı Erkən Orta əsrlərə təsadüf edir. “Azərbaycan etnoqrafiyası” kitabının birinci cildində qeyd olunur ki, artıq XIX əsrin ikinci yarısında Cənubi Qafqazda xalçaçılığın inkişaf etmiş mərkəzləri arasında Şamaxı, Quba, Bakı, Qazax, Göyçay, Cəbrayıl, Şuşa, Zəngəzur, Yelizavetpol və Zaqatala dairəsi xüsusi yer tuturdu.
Xalçalar iki böyük növə bölünür: xovlu və xovsuz. Xovlu xalçalar xalçaçılıq sənətinin inkişafında yüksək mərhələ sayılır və xovsuz xalçalara nisbətən toxunması daha mürəkkəbdir. Xovsuz xalçalar isə yaranmasına görə daha qədimdir. Xovsuz xalçalara həsir, çətən, palaz, kilim, cecim, ladı, şəddə, vərni, zilli, sumax və s. aid edilir.
Bu tip xalça məmulatları ilkin dövrlərdə keçirmə texnikası ilə toxunurdu. Tədqiqatçılar xovsuz xalçaların formalaşmasını üç mərhələyə bölürlər. Birinci mərhələ xalça sənətinin ibtidai dövrüdür. Bu mərhələdə həsir, çətən, palaz, sonralar isə cecimlər ərsəyə gətirilmişdir. Birinci mərhələdə xalçalar monoxromika və sadə keçirtmə texnikası ilə toxunurdu.
İkinci mərhələ xalçaların artıq həm bədii, həm də texniki cəhətdən inkişaf etməyə başladığı dövrdür. Sadə dolama texnikası ilə əmələ gələn kilim toxuma üsulu inkişaf edir. Bu toxuma üsulunun meydana gəlməsi xalçaların üzərində sadə naxışlar toxumağa şərait yaranmışdır.
Növbəti – üçüncü mərhələ vərni, şəddə, zili və sumax toxuma üsulunun meydana çıxdığı dövrdür. Bu dövr həm də mürəkkəb dolama texnikasının geniş yayılması ilə xarakterizə olunur.
Ümumiyyətlə, xalça və xalça məmulatları yun, ipək, kətan və müasir dövrdə sintetik saplarla, qamış, çubuq və s. materiallarla hazırlanır. Məmulatın hazırlanma materialı onun tətbiq edildiyi sahədən və coğrafi şəraitdən asılı olaraq dəyişə bilər.
Öncə də qeyd olunduğu kimi, xovsuz xalçaların ən qədim növü qamış materialdan hazırlanan həsir və çətəndir. Sənətşünas Röya Tağıyeva “Azərbaycan xalçası” kitabında Eneolit dövründən başlayaraq Azərbaycanda bir çox arxeoloji obyektlərdə hörmə həsirlərin izləri və qalıqları aşkar olunduğunu yazır. Çətən yalnız Azərbaycan xalqının yox, ümumilikdə türk xalqlarının etnoqrafiyasında yer alan dekorativ-tətbiqi sənət nümunələrindəndir.
“Çətən” sözü “çətmək”, “bağlamaq” mənasındadır. Bəzi yerlərdə isə çətənə “çığ” da deyirlər. Həsir qurudulmuş qamış yarpaqlarından hörmə texnikası ilə toxunursa, çətən daha çox qamış və çubuqların üzərinə rəngli sapların dolanması üsulu ilə hazırlanır. Azərbaycan ərazisində günümüzə qədər gəlib çatmış ən qədim çətən nümunəsi XIX əsrə aiddir. Hazırda bu sənət sahəsi ilə məhdud sayda insan məşğul olur.
Çətən sənətini yaşadan və onu inkişaf etdirən sənətkarlardan biri də Əməkdar rəssam Taryer Bəşirovdur. O bu sənəti yaşatmaqla yanaşı, çətən toxuculuğuna yeniliklər əlavə etmiş, onu təkmilləşdirmişdir. Belə ki, o, ilk dəfə olaraq görkəmli xalçaçı rəssam Lətif Kərimovun 80 illiyinə həsr olunmuş portret-çətən hazırlayaraq bu xovsuz xalça növünə yenilik gətirmişdir. Daha sonra isə dahi şair Nizami Gəncəvinin 850 illiyinə həsr olunmuş portret-çətən nümunəsi də hazırlamışdır. O, həmçinin çətən üzərində ilk dəfə olaraq nəbati ornamentlər işləmişdir.
Taryer Bəşirov bizimlə söhbətində qeyd etdi ki, çətən sənətinin yaranması köçəri türk xalqlarının evləri olan alaçıqlarla (yurta) bağlıdır. “Alaçıq” sözündəki “çıq” sözü bunu təsdiqləyir. Öncə də qeyd etdiyimiz kimi, çətən bəzi bölgələrdə “çığ” kimi də adlandırılır. “Alaçıq”, yaxud da “yurta” adlanan evlər köçəri xalqlarda geniş istifadə olunurdu. Çünki belə evlərin köç zamanı daşınması, açılıb-yığılması asan idi. Çətəndən də bu tip evlərin ətrafının bağlanılması, otaqlar arasında arakəsmələrin çəkilməsi, qapıların hazırlanması üçün istifadə edilirdi. Çətənin hazırlanmasında qamışdan, ağac çubuqlarından istifadə olunur. T.Bəşirov bildirir ki, çətən üçün istifadə olunacaq qamışın ən yaxşı yığılma vaxtı aprel-may aylarıdır. Yayda yığılan qamışı həşəratlar məhv edir. Qamışla yanaşı, bəzən fındıq, nar, zoğal ağaclarının da çubuqlarından istifadə olunur. Qədim dövrlərdə rəngsiz, qamış və ya ağac çubuqlarından hazırlanan sadə çətən nümunələrindən istifadə edilirdi. İçiboş olan qamış evdə nəmişliyin qarşısını alır və temperaturu tənzimləyirdi. Sonrakı dövrlərdə çətən estetik funksiya daşımağa, evlərin interyerinin bəzədilməsində də istifadə olunmağa başlandı. İnteryerin bəzədilməsi üçün isə artıq rəngli dekorativ çətənlər lazım idi.
Hazırda çətəndən, əsasən, iki məqsədlə istifadə olunur: praktiki məqsədlər üçün sadə çətən və dekorativ xarakter daşıyan bəzəkli çətən.
Birinci növə alaçıqlarda istifadə edilənləri – meyvə, yun qurutmaq üçün, həyətyanı sahələri bağlamaq üçün və hətta aşsüzən kimi istifadə edilən çətənləri qeyd etmək olar. İkinci növə isə daha çox qamış, yaxud da ağac çubuqlarına dolama texnikası ilə rəngli yun, ipək kətan və s. saplardan hazırlanan nümunələr, o cümlədən yandırma texnikası ilə bəzədilən çətənlər aiddir.
Hazırlanma texnologiyasına görə çətən dörd qrupa bölünür: sadə qamış və çubuqların bağlanılması ilə hazırlanan; qamış və çubuqların üstünə dolama üsulu ilə əyrilmiş yun, ipək, kətan saplardan hazırlanan; “Çiy çətən” adlanan qamış və çubuqların üstünə dolama üsulu ilə əyrilməmiş yundan hazırlanan;
yandırma üsulu ilə bəzədilən.
“Çiy çətən” adlanan növ daha çox Mərkəzi Asiyada, xüsusilə də Qazaxıstanda hazırlanır. Çətən qədim zamanlarda Azərbaycanın, demək olar ki, hər bölgəsində hazırlanırdı. Çünki əvvəllər buna tələbat da çox idi. Əsasən, meyvələrin qurudulması, həyətyanı sahələrin hasarlanması və s. istifadə edilirdi.
Çətənin hazırlanması digər xalça nümunələrindən fərqli olaraq daha əlçatan və asandır. Yəni çətənin hazırlanması üçün xovlu, yaxud da xovsuz xalçalarda, həmçinin həsirlərin toxunmasında istifadə olunan dəzgaha (hana) ehtiyac yoxdur. Onun ərsəyə gətirilməsində istifadə olunan materiallar, demək olar ki, hər bir bölgəmizdə mövcuddur. Daha aydın desək, qamış olmayan yerdə ağac çubuqlarından da istifadə etmək olar.
Xalqımızın maddi mədəniyyəti onun bədii-estetik düşüncəsinin məhsulu, tarixinin danılmaz faktıdır. Buna görə də ulu babalarımızın yaşadıb bu günlərə gətirdiyi çətən toxuma ənənəsini gələcək nəsillərə çatdırmaq mənəvi borcumuzdur.
Məhəmməd Hacıyev
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbəsi