Asiya-Sakit Okean Turizm Assosiasiyasının (Pacific Asia Travel Association – PATA) 15–17 may tarixlərində Çinin Makao şəhərində keçirilən illik sammitində Azərbaycan da təmsil olunub.

Dövlət Turizm Agentliyindən bildirilib ki, "Liderlərin dialoqu: Gələcəyə əsaslanan səyahət və turizm siyasətləri" adlı panel müzakirəsində çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycanda məsuliyyətli və dayanıqlı turizmin inkişafı məqsədilə atılan addımlardan bəhs edib. O Basqal kimi icma əsaslı turizmin inkişafı ilə bağlı icra olunan uğurlu dövlət layihələrindən, “Xınalıq və Köç yolu mədəni landşaftı”nın UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması nümunəsindən danışıb.

Dövlət Turizm Agentliyinin turizm siyasəti və strategiya şöbəsinin müdiri Məhəmməd Muradov səfər çərçivəsində turizm təhsilinin biznesin ehtiyaclarına uyğunlaşdırılması, bu istiqamətdə PATA regionunda universitetlər və biznes arasında əməkdaşlıq imkanlarının təşviqinə həsr olunmuş hökumət nümayəndələrinin iclası çərçivəsində müzakirələrdə iştirak edib.

Qeyd edək ki, Azərbaycanın 2019-cu ildən üzv olduğu təşkilatın illik sammitləri turizm sənayesindəki cari çağırışların müzakirəsi üçün beynəlxalq platforma kimi çıxış edir.