Mayın 17-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeydən təhsilə” adlı tədbir keçirilib.
Qeyd edək ki, Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən əlamətdar gün üçün bu il “Muzeylərdə təhsil və tədqiqat” mövzusu elan olunub. Bu mövzu hərtərəfli təhsil təcrübəsinin təmin edilməsində mədəniyyət müəssisələrinin mühüm rolunu vurğulayır və daha şüurlu, dayanıqlı və inklüziv bir dünyanın yaradılmasına təkan verir.
Muzeylər təhsil və tədqiqatların bir araya gəldiyi mühüm məkanlardır. Muzeylərin əsas missiyalarından biri də xalqa məxsus olan maddi-mənəvi sərvətləri müxtəlif kateqoriyalı auditoriyaya təqdim etməkdir.
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi şagirdlərinin iştirak etdiyi tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açılış nitqi söyləyib.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində və onun bütün filiallarında aparılan elmi-tədqiqat işləri, əldə olunan nəticələr, muzeyin nəşrləri, ali və ümumtəhsil müəssisələri ilə əməkdaşlıq haqqında məlumat verilib.
Sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyası nəzdində Respublika İncəsənət Gimnaziyasının tələbə və şagirdlərinin ifalarında muzey əməkdaşlarının elmi araşdırmaları nəticəsində aşkara çıxarılıb redaktə və nəşr etdirdiyi əsərlərdən ibarət konsert proqramı təqdim olunub.
Konsertdə həmçinin muzeyin Qədim musiqi alətləri ansamblı (bədii rəhbər və konsertmeyster Xalq artisti Munis Şərifov) və ansamblın solisti Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında rəngarəng musiqi nömrələri səsləndirilib.
Eyni zamanda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin musiqi qabiliyyətli şagirdləri muzeyin ansamblının müşayiəti ilə çıxış ediblər. Şagirdlərin xanəndə Nuriyyə Hüseynova ilə birgə ifa etdikləri Azərbaycan xalq və bəstəkar mahnıları, eləcə də solo ifaları və bədii qiraətləri alqışlarla qarşılanıb.
Sonda məktəbin direktoru İradə Vəzirova şagirdlərə göstərilən diqqətə və yaradılan şəraitə görə minnətdarlığını bildirib.
Tədbir çərçivəsində həmçinin şagirdlər toxunma üsulundan istifadə etməklə muzeyin ekspozisiyası ilə tanış olublar.