Azərbaycanın Latviya Respublikasındakı Səfirliyi, “Azərxalça” ASC və Liepaya Musiqi, İncəsənət və Dizayn Orta Məktəbinin təşkilatçılığı ilə Liepaya şəhərində “Azərbaycan Günü” keçirilib. Tədbir Latviya və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunub.

Azərbaycanın Latviyadakı səfirliyi, “Azərxalça” ASC və Liepaya Musiqi, İncəsənət və Dizayn Orta Məktəbinin təşkilatçılığı ilə Latviya və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunan tədbirlər çərçivəsində 2027 il üçün “Avropanın mədəniyyət paytaxtı” seçilmiş Liepaya şəhərində “Azərbaycan Günü” təşkil olunub.

Bu barədə “Azərxalça” ASC-dən bildirilib.

Tədbir çərçivəsində Azərbaycanın Latviyadakı səfirliyi, “Azərxalça” ASC və Liepaya İnteryer Muzeyinin birgə layihəsi çərçivəsində sözügedən Muzey üçün əllə toxunmuş xüsusi “Azərxalça” imzalı “Şadlıq” adlı Qarabağ xalçasının təqdimatı keçirilib. Tədbirdə Liepaya şəhərinin meri Qunars Ansinş, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov və “Azərxalça” ASC İdarə Heyətinin sədri Əməkdar incəsənət xadimi Emin Məmmədov çıxış ediblər.

Bildirilib ki, Azərbaycan 2027-ci il üçün “Avropanın mədəniyyət paytaxtı” seçilmiş Liepaya şəhərinin ilk beynəlxalq tərəfdaşı olub və ikitərəfli səmərəli əməkdaşlıq qurulub. “Keçmişlə müasirin sinergiyası” sərgisi yerli və xarici xalçasevərlərə nümayiş olunub. Qeyd edilib ki, son dövr ərzində Azərbaycanın Latviyadakı səfirliyinin dəstəyi ilə Liepaya şəhərində bir sıra mədəni tədbirlər keçirilib.

Çıxış edənlər iki ölkə arasında mövcud olan dostluq və əməkdaşlığın rəmzi olaraq İnteryer Muzeyinə “Şadlıq” adlı xalçanın hədiyyə edilməsinin əlamətdar hadisə olduğunu diqqətə çatdırıblar.

Daha sonra “Azərbaycan Günü” çərçivəsində Liepaya şəhərinin “Lielais dzintars” ən mötəbər konsert zalında bayram konserti və Azərbaycanın füsunkar təbiətini və zəngin mədəniyyətini əks etdirən fotosərgi nümayiş olunub.

Konsertdə “Cəngi” etno-caz qrupunun solisti, tar ifaçısı Mircavid Cəfərov ilə yanaşı, beynəlxalq müsabiqələrin və caz festivallarının laureatı, pianoçu Elbəy Məmmədzadə, Liepaya Musiqi Məktəbinin caz departamentinin rəhbəri, həmyerlimiz Rüstəm Bağırov və məktəbin tələbələrindən ibarət “Amber Strings” simli ansamblı çıxış edib.

Tədbirdə Azərbaycan musiqi parçalarından ibarət xüsusi konsert proqramı təqdim edilib.