Mayın 17-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Mədəniyyət Nazirliyi, Cəfər Cabbarlının Ev-Muzeyi və Bakı Dövlət Universitetinin (BDU) SABAH qrupları mərkəzinin birgə təşkilatçılığı ilə “Bakı Dövlət Universitetinin unudulmaz məzunu (Cəfər Cabbarlı – 125)” adlı sərgi-konfrans keçirilib.

BDU-da təşkil olunan tədbir 18 may – Beynəlxalq Muzeylər Günü və görkəmli şair, dramaturq, rejissor, Əməkdar incəsənət xadimi Cəfər Cabbarlının anadan olmasının 125 illik yubileyinə həsr olunub. Konfransda ölkənin bir sıra aparıcı təhsil və elmi-tədqiqat müəssisələrinin rəhbərləri ilə yanaşı, Əlyazmalar İnstitutunun da alim və mütəxəssisləri iştirak ediblər.

Öncə tədbir iştirakçıları Cəfər Cabbarlının Ev-Muzeyinin ekspozisiyası və Əlyazmalar İnstitutunun fondunda mühafizə olunan Cəfər Cabbarlının şəxsi arxivi əsasında hazırlanmış “Cəfər Cabbarlı – 125” adlı eksponat, əlyazma və kitablardan ibarət səyyar sərgi ilə tanış olublar.

Daha sonra “Cəfər Cabbarlı yaradıcılığının tədqiq və təbliği arxiv və muzey materialları əsasında” mövzusunda dəyirmi masa öz işinə başlayıb.

Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya elmləri doktoru, dosent Əzizağa Nəcəfzadə giriş nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb və sözü məruzəçilərə verib.

Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdirləri – filologiya elmləri doktoru, professor Tahirə Məmməd, filologiya elmləri doktoru, professor Rəhim Əliyev, həmin institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu və Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoyun mövzuya dair məruzələri dinlənilib.

Məruzələr ətrafında çıxışlarda Əlyazmalar İnstitutu Elektron resurslar şöbəsinin müdiri dosent Aynur Nəcəfova, BDU-nun SABAH mərkəzinin rəhbəri dosent İradə Süleymanova, universitetin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Məhbubə Qurbanova və Cəfər Cabbarlının Ev-Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı ədibin Azərbaycan ədəbiyyatının inkişafında müstəsna rolundan bəhs ediblər.

Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəridə Həsənova və Kitabxana müdiri Briliant Hacıyeva yazıçının irsinin tədqiqi və təbliği sahəsindəki xidmətlərinə görə ev-muzeyin fəxri fərmanı ilə təltif olunublar.