Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonu bu günlərdə maraqlı ekspozisiyanı sənətsevərlərə təqdim etdi. Əməkdar rəssam Odtəkin Ağababayevin, həyat yoldaşı Valentina Ağababayeva və qızları Tatyana Ağababayevanın əsərləri bir sərgidə yer almışdı.

Mayın 14-də açılışı keçirilən sərgi Odtəkin Ağababayevin 95 illik və Tatyana Ağababayevanın 70 illik yubileyləri münasibətilə təşkil edilib.

ARİ-nin sədri Xalq rəssamı Fərhad Xəlilov, Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Xalq rəssamı Aydın Rəcəbov və başqaları çıxış edərək məşhur Ağababayevlər nəslini təmsil edən rəssamların yaradıcılığı, ayrı-ayrı əsərlərinin özünəməxsus cəhətləri barədə danışdılar.

Bildirildi ki, sərgidə müxtəlif mövzu və janrlarda yaradılan əsərlər nümayiş olunur. Odtəkin Ağababayevin özünəməxsus texnikası xüsusilə diqqəti çəkir. O, rəngin yumşaq çalarlarından ustalıqla istifadə edir, ona görə də əsərlərinin hamısı işıqlıdır.

Tatyana Ağababayevanı da 70 illik yubileyi münasibətilə təbrik edən Fərhad Xəlilov onun ipək üzərində yaratdığı batikaların özəlliyini vurğuladı.

Sonra qonaqlar sərgi ilə tanış oldular.

Qeyd edək ki, bu, Ağababayevlərin ikinci ailə sərgisidir. İlk sərgi 2001-ci ildə gerçəkləşib. Budəfəki sərgini nəsillərin dialoqu da adlandırmaq olar.

Tatyana xanımın mərhum qardaşı da bu sənətlə məşğul olub. Hazırda iki oğlu ənənəni davam etdirir.

Əsərlər sərgi zalında elə yerləşdirilib ki, biz burada sənətlə bağlı fərqli yanaşmaların toqquşmasına şahid oluruq. Buna zamanın və cəmiyyətin inteqrasiyası da demək olar. Müxtəlif mövzulu rəngarəng əsərlərə baxdıqca nostalji duyğular, rənglər dünyasının sehri, ana yurdumuzun ecazkar mənzərələri, qadın xoşbəxtliyi və s. məqamların şahidi oluruq.

Sərgiyə gələnlər tərəfindən ömrünün 96-cı ilini yaşayan Odtəkin Ağababayevin dövrəyə alınması, səslənən təəssürat və təbriklər qocaman sənətkara sevgi və ehtiramın nümayişi idi. Tatyana xanım da çox həyəcanlı idi. Bu diqqət və sevgi əhatəsində o, sərgiyə qatılan və sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü ifadə edirdi.

Bildirək ki, rəssam O.Ağababayev 1928-ci ildə Bakıda doğulub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini (Böyükağa Mirzəzadənin kursu) və İ.V.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu bitirib. 2002-ci ildə “Əməkdar rəssam” fəxri adına, 2008-ci ildə Prezidentin fərdi təqaüdünə layiq görülüb. 2009 və 2014-cü illərdə fərdi sərgiləri keçirilib. Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində və şəxsi kolleksiyalarda saxlanılır. Almaniya və Türkiyədə də fərdi sərgiləri keçirilən rəssamın əl işləri, həmçinin Rusiya, Gürcüstan, Çexiya, İran və Avstriyada nümayiş etdirilib.

Odtəkin Ağababayevin yaradıcılıq səfərləri zamanı kətana köçürdüyü Azərbaycanın təbiət mənzərələri, Qarabağ, Xocalı, Neft Daşları mövzularında rəsmlər, görkəmli şəxsiyyətlərin portretləri bu gün də aktualdır.

Həyat yoldaşı Valentina Ağababayevanın “Sarsılmaz dostluq”, “Uşaqlara sülh lazımdır!”, “İncəsənət əbədidir!” adlı plakat nümunələri sanki parlaq və sağlam gələcəyə işıq salır. Onun “Şəhərdə ağaclar”, “Uşaqlar və it”, “İki qadın”, “Ailə” və s. müxtəlif mövzulu rəngkarlıq əsərləri də texnika baxımından diqqət çəkir. 

1953-cü ildə anadan olan Tatyana Ağababayeva da Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. Sonra V.İ.Muxina adına Leninqrad Ali Rəssamlıq-Sənaye Məktəbində təhsilini davam etdirib. O daha çox batika (parça bəzəmək üsulu) ustası kimi tanınır. Ölkəmizdə bir neçə fərdi sərgisi keçirilib.

Əsərləri Azərbaycanla yanaşı, Rusiya və Almaniyada müxtəlif qalereyalarda, eləcə də 20-dən çox ölkədə şəxsi kolleksiyalarda saxlanılır. Vaxtilə Moskvada sərgilənən “Qız raketka ilə” və “Sübh tezdən” adlı ilk işləri Azərbaycan və SSRİ Mədəniyyət nazirlikləri tərəfindən alınıb. Rəssam Kuala-Lumpurda keçirilmiş beynəlxalq sərgi-konfransda Azərbaycanı uğurla təmsil edib. Bakıda 5 fərdi sərgisi keçirilib. Bu sərgidə də onun  cazibədar batika işləri nümayiş olunur.

L.Azəri