18 may – Beynəlxalq Muzeylər Günü Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyində müxtəlif tədbirlərlə qeyd olunub. Bu il “Muzeylərdə təhsil və tədqiqat” mövzusuna həsr olunan əlamətdar gün münasibətilə 14-16 may tarixlərində “Muzeydə istedadını kəşf et və təcrübə qazan” adlı ustad dərsləri təşkil edilib. Mütəxəssislər tərəfindən gənclərə bəstəkarlıq, aktyorluq və “Oyun dizayneri” (“Game designer”) üzrə dərslər keçilib.

Ustad dərslərində moderator kimi bəstəkar Vüqar Məmmədzadə, aktyorlar Sabira Abdullayeva və Türkay Cəfərli, İT mütəxəssisi Sərxan Abbaszadə iştirak ediblər. Dərslərdə həmçinin Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, Cövdət Hacıyev adına 3 nömrəli onbirillik Musiqi məktəbi, 189–190 nömrəli tam orta məktəbin, Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbi, Respublika İncəsənət Gimnaziyası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllim və şagird kollektivi iştirak edib, yeni bilik və təcrübələrə yiyələniblər. Fəallıq göstərən tələbə və şagirdlərə muzey tərəfindən sertifikatlar verilib.

Əlamətdar gün münasibətilə muzeydə “açıq qapı” da təşkil edilib. Muzeyi çoxsaylı yerli vətəndaşlar və xarici qonaqlar ziyarət ediblər. Muzey əməkdaşları tərəfindən qonaqlara Azərbaycan, rus və ingilis dillərində ekskursiyalar keçirilib. Muzeydə gün boyu klassik musiqilər səsləndirilib.