Azərbaycan

 

17 may 1870 – Görkəmli yazıçı-dramaturq, publisist Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev (1870 – 11.12.1933) Şuşada anadan olub. “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Pəri cadu”, “Ac həriflər” və s. pyeslərin, hekayələrin (“Marallarım” silsiləsi) müəllifidir. Rus dilindən ədəbi tərcümələr edib. Teatr tamaşalarına quruluş verib. Bakı Dövlət Universitetində dərs deyib.

17 may 1938 – Əməkdar incəsənət xadimi, televiziya diktoru, rejissor Arif Lətif oğlu Qazıyev (1938 – 24.2.2022) Gəncədə doğulub. “Muğam” teatrının rəhbəri olub. Musiqili telefilmlərin (“Şur”, “Təsnif”) müəllifidir.

 

18 may 1906 – Filosof alim, professor Mehbalı Məhəmməd oğlu Qasımov (1906–1963) Naxçıvan MR Culfa rayonunun Xoşkeşin kəndində doğulub.

18 may 1933 – Ədəbiyyatşünas, biblioqraf, tərcüməçi Əmin Tahir oğlu Əfəndiyev (1933–2014) Qax rayonunun İlisu kəndində doğulub.

18 may 1968 – Əməkdar incəsənət xadimi, aşıq İslam Qara oğlu Yusifov (1893–1968) vəfat edib.

18 may 2010 – Tanınmış aktrisa Ofeliya Rza qızı Əfqanlı (Ofeliya Aslan; 27.1.1939 – 18.5.2010) vəfat edib.

 

19 may 1898 – Xalq artisti, opera müğənnisi Hüseynağa Soltan oğlu Hacıbababəyov (1898 – 10.11.1972) Şamaxıda doğulub. Opera partiyaları ilə yanaşı, muğam və xalq mahnılarının mahir ifaçısı olub.

19 may 1910 – Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev; 1910 – 1.4.1981) Göyçayda doğulub. “Qız qalası”, “Lenin”, “Qızılgül olmayaydı” poemaları, “Rənglər” şeirlər silsiləsi, “Vəfa”, “Görüş” pyesləri və s. əsərlərin müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib. Azərbaycan Yazıçılar İttifaqının sədri (1938–1939), kinematoqrafiya naziri (1945–1948) olub. 

19 may 1935 – Şair və tərcüməçi, Əməkdar incəsənət xadimi Vladimir Əbdüləzim oğlu Qafarov (1935 – 19.7.2000) Sabirabad rayonunda anadan olub. Klassik və müasir Azərbaycan şairlərinin bir çoxunun əsərləri onun tərcüməsində rusdilli oxuculara təqdim olunub.

19 may 1939 – Tanınmış yazıçı-publisist, türkoloq Əhməd bəy Ağaoğlu (Əhməd bəy Mirzə Həsən oğlu Ağayev; 1869, Şuşa – 1939) İstanbulda vəfat edib. “Kaspi”, “Həyat” qəzetlərinin redaktoru olub. İstanbul Universitetində dərs deyib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilib. Cümhuriyyətin süqutundan sonra Türkiyədə yaşayıb.

19 may 1959 – Xalq artisti Yeva (Yevgeniya) Nikitiçna Olenskaya (1900–1959) vəfat edib. Qubada doğulub. 1919-cu ildən Dövlət Dram Teatrının aktrisası olub.

19 may 2022 – Xalq artisti, teatr rejissoru Vaqif Firudin oğlu Əsədov (5.4.1947 – 2022) vəfat edib. Naxçıvan Dövlət Musiqili Dram Teatrında işləyib. 1989-cu ildən Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib.

 

20 may 1883 – Xalq artisti, vokalçı Konstantin Lvoviç Knijnikov (1883–1952) anadan olub. Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb, Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.

20 may 1888 – Görkəmli şair və maarifçi Seyid Əzim Şirvani (Seyid Əzim Seyid Məhəmməd oğlu Mir Cəfərzadə; 9.7.1835 – 1888) vəfat edib. Azərbaycan şairlərinin tərcümeyi-halını və əsərlərindən nümunələri kitab (“Təzkirə”) şəklində nəşr etdirib.

20 may 1884 – Ədəbiyyatşünas və şair Salman Mümtaz (Salman Məmmədəmin oğlu Əsgərov; 1884–1941) Şəkidə anadan olub. Klassik ədiblərimizin əlyazmalarını toplayıb. “Azərbaycan ədəbiyyatının qaynaqları” kitabını yazıb.

20 may 1907 – Milli səhnəmizdə çıxış edən ilk azərbaycanlı qadın müğənnilərdən biri, Xalq artisti Həqiqət Əli qızı Rzayeva (1907 – 2.8.1969) Lənkəranda doğulub. Opera və Balet Teatrının solisti olub, filmlərdə (“Ögey ana”) çəkilib.

20 may 1920 – Tanınmış filosof, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Ziyəddin Bahadur oğlu Göyüşov (1920-1984) Ağdam rayonunun Boyəhmədli kəndində anadan olub.

20 may 1929 – Folklorşünas alim Mürsəl İsmayıl oğlu Həkimov (1929–2006) Qazax rayonunun Kəmərli kəndində doğulub.

20 may 1940 – Əməkdar mədəniyyət işçisi, rejissor Rafiq Atakişiyev (1940 – 27.9.2012) Füzuli rayonunda anadan olub. Musiqili Komediya, Ağdam, Gəncə teatrlarında çalışıb.

20 may 2021 – Əməkdar artist, rəqqas Qorxmaz Ağababaoğlu Qurbanov (18.7.1940 –2021) vəfat edib.

 

21 may 1922 – Şairə, dramaturq Cahan Hüseyn qızı Əfruz (Dilanova; 1922–1984) Tovuz rayonunda doğulub.

21 may 1928 – Azərbaycanın Əməkdar artisti, Rusiyanın Xalq artisti Tamilla Mirsüca qızı Ağamirova (1928 – 31.8.2021) Bakıda anadan olub. 1952-ci ildən Moskvada “Romen” teatrında çalışıb. “Azərbaycanfilm” kinostudiyasında “Onun böyük ürəyi”, “Yenilməz batalyon” və s. filmlərə çəkilib.

21 may 2021 – Azərbaycanın, Rusiyanın və keçmiş SSRİ-nin Xalq rəssamı, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Tahir Teymur oğlu Salahov (28.11.1928 – 2021) vəfat edib.

 

22 may 1888 – Yazıçı, maarif xadimi Qantəmir (Qafur Sədrəddin oğlu Əfəndiyev; 1888 – 28.1.1944) Göyçay mahalının Potu kəndində anadan olub. 1939-cu ildə Orta Asiyaya sürgün edilib, orada dünyasını dəyişib.

22 may 1918 – SSRİ Xalq artisti, görkəmli rejissor, teatrşünas, professor, Dövlət mükafatı laureatı Mehdi Əsədulla oğlu Məmmədov (1918 – 28.1.1985) Şuşada doğulub. Gəncə Dram, Akademik Opera və Balet, Akademik Milli Dram, Rus Dram teatrlarında baş rejissor işləyib.

22 may 1928 – Xalq rəssamı Nadir Sadıq oğlu Qasımov (1928 – 10.3.2000) Bakıda anadan olub.

22 may 1937 – Bəstəkar, Xalq artisti Aqşin Əliqulu oğlu Əlizadə (1937 – 3.5.2014) Bakıda anadan olub. “Babək”, “Qafqaza səyahət” baletləri, kantata, simfoniya və digər janrlarda əsərlərin müəllifidir. Filmlərə (“Tütək səsi”, “Sizi dünyalar qədər sevirdim”) musiqi yazıb.

 

Dünya

 

17 may 1873 – Fransız yazıçısı Anri Barbüs (Henri Barbusse; 1873–1935) anadan olub. Əsərləri: “Alov”, “Gerçək əhvalatlar” və s.

17 may 1904 – Fransız aktyoru Jan Qaben (Jean Gabin - Jean-Alexis Moncorge; 1904–1976) anadan olub.

 

18 may 1048 – Fars (tacik) şairi, filosof, astronom və riyaziyyatçı Ömər Xəyyam (Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri; 1048 – 4.12.1131) anadan olub.

18 may 1869 – Ləzgi Xalq şairi, aşıq Süleyman Stalski (Həsənbəyov; 1869–1937) anadan olub.

18 may 1872 – İngilis filosofu, ictimai xadim, ədəbiyyat üzrə Nobel mükafatı (1950) laureatı Bertran Rassel (Bertrand Arthur William Russell; 1872–1970) anadan olub.

 

19 may 1762 – Alman filosofu Yohann Qotlib Fixte (Johann Gottlieb Fichte; 1762–1814) anadan olub.

19 may 1898 – İtalyan yazıçısı və mütəfəkkiri Yulius Evola (Julius Evola; 1898–1974) anadan olub.

 

20 may 1799 – Fransız yazıçısı Onore de Balzak (Honore de Balzac; 1799 –18.8.1850) anadan olub.

20 may 1804 – Rus bəstəkarı Mixail İvanoviç Qlinka (1804–1857) anadan olub. “İvan Susanin”, “Ruslan və Lyudmila” operalarının müəllifidir.

20 may 1882 – Norveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1928) laureatı Siqrid Unset (Sigrid Undset; 1882–1949) anadan olub.

20 may 1923 – Cənubi Afrika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1991) laureatı Nadin Qordimer (Nadine Gordimer; 1923 – 13.7.2014) anadan olub.

 

21 may 1471 – Alman boyakarı, qravüraçı və incəsənət nəzəriyyəçisi, İntibah dövrünün məşhur rəssamı Albrext Dürer (Albrecht Dürer; 1471–1528) anadan olub.

 

22 may 1813 – Alman bəstəkarı, dramaturq Rixard Vaqner (Wilhelm Richard Wagner; 1813–1883) anadan olub. Operaları: “Tristan və İzolda”, “Nibelunqlar üzüyü” (tetralogiya).

22 may 1859 – İngilis yazıçısı Artur Konan Doyl (Arthur Conan Doyle; 1859–1930) anadan olub.

Hazırladı: V.Orxan