Təsviri incəsənətdə kitab qrafikasının özünəməxsus yeri var. Kitab tərtibatında müxtəlif illüstrasiyalar məzmunu zənginləşdirir, oxucu üçün maraq mənbəyinə səbəb olur. Kitaba çəkilən illüstrasiyalar, üz qabığı, ümumi tərtibat, kitabın məzmunu, ideyası ilə vəhdət təşkil edir, insanın şüuruna, qəlbinə yol tapır. Kitabın tərtibatında kompozisiyanın təşkili dekorativliyi, emosionallığı, cazibəliliyi, dövrün üslubuna uyğunluğu, əsərlərin psixoloji tərəfini əks etdirməklə yanaşı, kitabın bədii obrazını da yaradır.
Qrafik rəssam Azər Ələkbərov Azərbaycanda nəşr olunmuş bir çox uşaq ədəbiyyatına, həmçinin bədii ədəbiyyat və klassiklərin kitablarına illüstrasiyalar çəkmişdir. O, 22 may 1956-cı ildə Naxçıvanda ziyalı ailəsində dünyaya göz açmışdır. Doğulub boya-başa çatdığı qədim Naxçıvan torpağının əzəmətli qayaları, yaşıl ormanları, laləli dağları – bir sözlə, sirli-sehrli təbiətinin min bir rəngə çalan əsrarəngiz mənzərələri hələ uşaqlıqdan Azəri məftun etmişdi. Elə incəsənətə, rəssamlığa marağı da burdan qaynaqlanırdı.
Gördüklərini kətan üzərində əks etdirmək bacarığı Azər Ələkbərov, bir Tanrı lütfü idi. O, fərqli duyumu, məxsusi yanaşması ilə yaradıcılıq aləminə üz tutmuş, gördüklərini, görmək istədiklərini ağ vərəqə köçürməyə başlamış və bir-birindən maraqlı əsərlər yaratmağa nail olmuşdur. Rəssamlığa olan sonsuz məhəbbəti, bu sənətə vurğunluğu ilə orta məktəbi bitirdikdən sonra 1973-cü ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində təhsilini davam etdirməyə qərar vermiş, bu təhsil ocağını fərqlənmə diplomu ilə başa vurmuşdur. Məqsədi sevdiyi sahənin bütün incəliklərinə vaqif olmaq, ali təhsil almaq idi. Beləliklə, rəssam Ukraynanın Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının Dəzgah və kitab qrafikası fakültəsini də fərqlənmə diplomu ilə bitirmişdir.
Azər Ələkbərov vətənə döndükdən sonra yenicə yaranmış “Yazıçı” nəşriyyatında əmək fəaliyyətinə başlayır. Həmin illərdə görkəmli naşir, professional poliqrafçı Əjdər Xanbabayevin min bir əzabla, böyük həvəs və gələcəyinə tükənməz inamla yaratdığı “Yazıçı” nəşriyyatı fəaliyyətinin ən məhsuldar dövrünü yaşayırdı. 40 cildlik “Xalq ədəbiyyatı”, 100 cildlik “Dünya ədəbiyyatı kitabxanası” silsiləsindən kitablar burda nəşr olunur və nəşriyyat iki ildən bir bu kitabları Moskvada keçirilən Beynəlxalq Kitab Yarmarkasında nümayiş etdirir, uğur qazanırdı. Azər nəşriyyatın məhz bu çağında gəlmiş və özü ilə yeni ab-hava gətirmişdi. Təkcə zahiri görkəmi ilə yox, həm də səmimiyyəti ilə, insanpərvərliyi, ünsiyyət qurmaq bacarığı ilə, ağlı, qabiliyyəti, yüksək zövqü və kitablara verdiyi tərtibatı ilə başqalarından seçilirdi. Onun H.K.Andersenin “Düyməcik”, “Su pərisi” nağıllarına, E.Hofmanın “Oyuncaq”, V.Haufun “Yalançı şahzadə”, Qrimm qardaşlarının “Ağ və Qırmızı gül” və s. nağıl əsərlərinə çəkdiyi qrafik illüstrasiyalara biganə qalmaq mümkün deyil. İbrətamiz məsəllərlə, M.Ə.Sabir, A.Səhhət, C.Məmmədquluzadə, C.Cabbarlı kimi ustad sənətkarların əsərlərindən nümunələrlə dolu, şifahi və yazılı ədəbiyyatdan seçmələr əsasında tərtib olunmuş “Gəlinin cehiz kitabı”nın (1994) rəssamı və bədii redaktoru, gözəllik haqqında məlumatlarla dolğun “Gözəlliyin sirri” (2002) kitabının rəssamı olmuşdur. Azər Ələkbərov “Qanun” nəşriyyatının “Kamillik” seriyasından “Kamillik elmi” (2001) kitabına və bu qəbildən bir sıra nəşrlərə bədii tərtibat vermişdir.
Mütaliəni çox sevən, həm klassik, həm də müasir Azərbaycan ədəbiyyatına dərindən bələd olan rəssam çəkdiyi hər bir illüstrasiyanı əsərin məzmunu ilə uzlaşdırır, vəhdət təşkil etməsinə nail olur, ən cüzi bir çalarda əsərin məğzini tamaşaçıya çatdıra bilirdi. Çəkdiyi illüstrasiyalarla əsəri daha da oxunaqlı etməyi, oxucuda maraq oyatmağı bacarırdı.
Məşhur fransız rəssamı Delakrua deyirdi: “İstər mənzərə, qrafika, istərsə də heykəltaraşlıq olsun, hər bir incəsənət əsərinin ilk dəyəri gözləri sevindirməsidir”. Bu sözləri bütünlükdə yaradıcılığında orijinal süjet və ifadə axtarışlarına xüsusi meyil edən, qara tuş, qələm vasitəsilə incə ştrixlərlə ifadəli rəsmlər ərsəyə gətirmiş rəssam-qrafik Azər Ələkbərovun yaradıcılığına da aid etmək olar.
Səməd Vurğunun, Nəriman Həsənzadənin şeirlər kitabı, Fikrət Qocanın, Ramiz Duyğunun əsərləri, Çingiz Abdullayevin “Müqəddəs olmaq arzusu”, Sabir Rüstəmxanlının “Göy tanrı”, Elmira Axundovanın “Yaşamaq anı”, “Şüşə saray” (siyasi detektiv), “Bu bizik” kitablarına verdiyi tərtibat, çəkdiyi illüstrasiyalar öz işinin ustası olan rəssamın yüksək professionallıqla, böyük ustalıqla yaratdığı əsərlərdir.
Azər Ələkbərov işgüzarlığı, sənət inadkarlığı, zəhmətsevərliyi ilə öz yolunu müəyyənləşdirən rəssamlarımızdan idi. Sənətinə hədsiz dərəcədə bağlı olan rəssam təkcə rəsm əsərləri yaratmır, eyni zamanda sevib-seçdiyi sənətin sirlərini öyrənir və öyrədirdi. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Qrafika fakültəsində və İncəsənət Gimnaziyasında işləməklə yanaşı, “Gənclik”, “Nurlar”, “Yurd”, “Əbilov, Zeynalov və oğulları” nəşriyyatları, “Qanun”, “Gənclik”, “Ulduz” jurnalları ilə də əməkdaşlıq edirdi. Həmin dövrdə onun “Mənim Abşeronum”, “Doğma ellər”, “Naxçıvan”, “Xatirələr” kimi rəngli novella, nağıl, esse, detektiv və şeir kitablarına çəkdiyi çoxsaylı illüstrasiyaları dərc olunmuşdu.
Nəhayətsiz rənglər dünyasında gözəllik duyğularını fırçası ilə ifadə edən Azər Ələkbərov gördüklərindən heyrətlənən, çəkdikləri ilə heyrətləndirə bilən rəssam idi. O, sadəcə, maraq xətrinə deyil, yaratmaq və yaratdığına yaşamaq vəsiqəsi verə bilmək həvəsi ilə yaşayırdı. Rəssamın əsərləri təkcə respublikada deyil, yaxın və uzaq xaricdə də sərgilənir və hər yerdə özünün tamaşaçısını tapırdı.
Beynəlxalq eklibris sərgisində (2003) nümayiş etdirilən “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusuna həsr olunan əsəri rəssamın yaradıcılığında xüsusi yer tutur. “General Arif Heydərov” (2006), “Heydər Əliyev və Azərbaycan Ordusu” (2002), Sara Aşurbəylinin “Şirvanşahlar dövləti” (2006) və s. kitabların tərtibatı da onun yaradıcılıq nümunələrindəndir.
Mənalı və xatirələrdə xoş izlər buraxan bir ömür yaşamış Azər Ələkbərov uzun sürən xəstəlikdən sonra 4 avqust 2006-cı ildə əbədiyyətə qovuşmuşdur. O, yaradıcılığının ən bəhrəli çağlarında dünyasını dəyişsə də, yaratdığı əsərlərdə, tərtibatını verdiyi kitablarda, rəğbətini qazandığı dostlarının, hörmətini qazandığı tələbələrinin, sənətə dəyər verən insanların yaddaşlarında yaşayacaq.
Könül Əzimova
sənətşünaslıq üzrə fəlsəfə doktoru