Azərbaycan Milli Konservatoriyasında Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Bakı nümayəndəliyi və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafına Yardım Assosiasiyasının birgə təşkilatçılığı ilə “Könüldən-könülə qardaşlıq mahnıları” adlı konsert proqramı təqdim olunub.
Mayın 16-da keçirilən konserti Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı, Azərbaycan Milli Məclisinin üzvləri və digər şəxslər izləyiblər.
Konsertdən əvvəl çıxış edən ŞKTC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turqaner bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun və tək yumruq olan qəhrəman Azərbaycan xalqının Zəfəri Kipr türkləri üçün də sevinc və qürur qaynağıdır. Şimali Kipr və Azərbaycan arasında əlaqələr ildən-ilə inkişaf edir. Bu gün Şimali Kiprlə Azərbaycan arasında əməkdaşlıqda ticarət, turizm, təhsil sahələri xüsusi yer tutur.
Daha sonra Şimali Kiprin “Bahar əsintiləri” sənət dərnəyinin xor qrupu və ölkəmizdən “Buta” instrumental ansamblının birgə konserti təqdim olunub. Bahar Gökhanın dirijorluğu və Əməkdar artist Nərgiz Əliyeva konsertmeysterliyi ilə gerçəkləşən konsert alqışlarla qarşılanıb.
Lalə Azəri