“TEAS Press” Nəşriyyat evi və Latviyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə latviyalı rəssam, şair və yazıçı Yanis Yaunsudrabinşin ˝Ölüm rəqsi˝ kitabının təqdimatı keçirilib.
Tədbirdə Latviya Parlamentinin sədri Daiga Mierina, Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya, səfirlik əməkdaşları və oxucular iştirak ediblər.
Tədbirdə kitabın tərcüməçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Nigar Sultanova əsər haqqında qonaqları məlumatlandırıb və kitabın Azərbaycan dilinə tərcümə edilməsinin önəmindən danışıb.
Kitabın “Ön söz”ünün müəllifi tarix elmləri doktoru, professor Kərim Şükürov çıxışında “Ölüm rəqsi” əsərinin Bakının 1915-1918-ci illər tarixinin rekonstruksiyasındakı əhəmiyyətini vurğulayıb.
İştirakçılarda əsər haqqında aydın təsəvvür yaranması üçün nəşriyyatın redaktoru Vüsalə Babayeva “Ölüm rəqsi” romanından müəyyən hissələri səsləndirib. Latviya Parlamentinin sədri xanım Daiga Mierina yazıçının əsərinin Azərbaycan dilinə tərcüməsinə və göstərilən diqqətə görə nəşriyyata təşəkkürünü bildirib.
Tədbirdə məlumat verilib ki, “Ölüm rəqsi” kitabı “TEAS Press” Nəşriyyat evi tərəfindən Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub. Yüz il əvvəlin eşq və ölüm qoxulu Bakısı haqqındakı romanda hadisələr XX əsrin əvvəllərində cərəyan edir. Romanı oxuyanda bir əcnəbinin – Latviyadan gəlmiş mühacirin gözləri ilə o dövrün Bakısı haqqında aydın təsəvvür yaranır: neft, milyonçular, milyonçu olmağa çalışan tacirlər, Bakı və bakılılar, mühacirlər, sağ qalmaq uğrunda mübarizə, insan psixologiyası, xəyanət, Birinci Dünya müharibəsi, vətəndaş müharibəsi, siyasi maraqlar, toqquşmalar, yoluxucu xəstəliklər, aclıq, tamah, ölüm, ölümün müdhiş rəqsi... Bu romanda hər şey var.