Azərbaycanda Latviya mədəni irsinə həsr olunmuş sərgi

 

Latviya Respublikasının Azərbaycandakı Səfirliyi Milli Azərbaycan Tarixi Muzeyi ilə birgə ölkəmizdə Latviya mədəni irsinə həsr olunmuş “Yuliys Straume – 150: Naxışlar fərqli mədəniyyətlərdə” adlı multimedia sərgisini təqdim edib.

Mayın 21-də açılışı keçirilən sərgi Latviya Seyminin sədri Dayqa Mierinanın Azərbaycana rəsmi səfəri çərçivəsində təşkil olunub.

Tədbirdə çıxış edən Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Fərhad Cabbarov iki ölkənin mədəni əlaqələri kontekstində sərginin əhəmiyyətini vurğulayıb: “Yuliys Straume özündən sonra böyük irs qoyub. Biz şadıq ki, bu irsdə Qafqazın, Azərbaycanın da izi var”.

Latviya Seyminin sədri Dayqa Mierina çıxışında ölkələrimiz arasında mədəni əlaqələrin göründüyündən daha yaxın olduğunu bildirib. Onun sözlərinə görə, vaxtilə Latviyadan sənət adamları Azərbaycana gəlib, burada yaşayıblar. Qonaq Azərbaycana səfəri zamanı Qarabağı, Şuşanı görmək imkanı olduğunu da diqqətə çatdırıb: “Tarixinizin incisi olan Şuşanın ən qısa müddətdə yenidən dirçələcəyinə ümidvaram”.

Tədqiqatçı Fuad Axundov Yuliys Straumemin yaradıcılığı barədə danışıb, Latviya peşəkar tətbiqi sənətinin və dizaynının əsaslarını qoymuş məşhur rəssamın özündən sonra böyük bir mədəniyyət körpüsü yaratdığını vurğulayıb.

Bildirilib ki, Yuliys Straume Qafqazın dağ kəndlərində apardığı elmi ekspedisiyalar zamanı toxuculuq sənətinə və toxuculuq ənənələrinin öyrənilməsinə böyük maraq göstərib. 1907–1923-cü illərdə Y.Straume Tiflisdə Qafqaz Sənətkarlıq Komitəsində işləyib. Elmi ekspedisiyalar zamanı o, tekstil qrafikasına, toxuculuq ənənələrinin öyrənilməsi və yerli mədəni irsin qorunub saxlan;lmasına diqqət yetirib. Gürcüstan Dövlət Xalq və Tətbiqi Sənət Muzeyində Straumun yaratdığı 500-dən çox əşya var, o, bu muzeyin yaradıcısı və ilk dizayneri hesab olunur. Straume 1908–1911-ci illərdə Şuşa Realnı məktəbində rəsm müəllimi kimi fəaliyyət göstərib. Latviyaya qayıtdıqdan sonra Latviya peşəkar tekstil sənətinin banilərindən biri olub. Onun eskizlərinə uyğun olaraq xalçalar, mebellər, suvenirlər və qablar hazırlanırdı.

Qeyd edək ki, sərgi layihəsi Latviya səfirliyinin təşkilatçılığı, Latviyanın Milli İncəsənət Muzeyi, Dövlət Arxivi, Dekorativ İncəsənət və Dizayn Muzeyi, Gülbene Tarix və İncəsənət Muzeyi və digər təşkilatlarının, eləcə də Azərbaycandan alim və tədqiqatçılar Kübra Əliyeva və Fuad Axundov ilə birgə tərəfdaşlıqla həyata keçirilir. Multimedia sərgisinin dizaynı və bədii koordinasiyası Əməkdar rəssam Səbinə Şıxlinskayaya aiddir.