Birinci Qarabağ müharibəsində şücaət göstərmiş, canlarını fəda etmiş və naməlum şəhid kimi məzarda uyuyan qəhrəman Vətən övladları illər sonra hünər tariximizdə öz adlarına qovuşurlar.
***
Gəncədəki Şəhidlər xiyabanında dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Zahid Ziyad oğlu Abbasovun meyitinin qalıqları mayın 22-də Lerik rayonuna gətirilib.
Dəfn mərasimində kənd sakinləri, qazilər, rayonun rəhbər şəxsləri iştirak ediblər. Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb.
Zahid Ziyad oğlu Abbasov 1993-cü il aprelin 16-da Kəlbəcər rayonunun Murovdağ istiqamətində (Toğana kəndi) itkin düşmüş sayılırdı.
***
Əslən Cəbrayıl rayonundan olan, Birinci Qarabağ müharibəsində itkin düşən Elbrus İsaq oğlu İsaqovun da Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb.
Şəhidin nəşi Biləsuvar rayonundakı 1 saylı Cəbrayıl qəsəbəsində yaşayan ailəsinə təhvil verilib.
Qəsəbədəki vida mərasiminə Cəbrayıl rayonununn rəhbər şəxsləri də qatılıblar. Şəhidin qalıqları qəsəbədəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
1966-cı il təvəllüdlü Elbrus İsaq oğlu İsaqov 1984–1986-cı illərdə Əfqanıstandakı sovet ordusunda xidmət edib. Birinci Qarabağ müharibəsində döyüş yolu Murovdağ silsiləsindən başlayıb. 1994-cü ilin fevralın 11-dən sonra itkin düşmüş sayılıb.
***
Otuz il əvvəl Ağdərə uğrunda gedən döyüşlərdə canını fəda edən Vətən oğullarından biri də Abbasov Zülfüqar Kamil oğludur. O da naməlum şəhidlərimizdən biri olaraq Gəncədəki Şəhidlər xiyabanında dəfn edilmişdi.
Ekshumasiya nəticəsində kimliyi məlum olan Zülfüqar Abbasovun nəşinin qalıqları mayın 22-də ata-baba yurdu Sabirabadda torpağa tapşırılıb. İzdiham yaşanan mərasimdə cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.
Qeyd edək ki, Abbasov Zülfüqar Kamil oğlu 1994-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub.
***
Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan Əliyev Ədalət Veysəl oğlu Tərtərdə dəfn edilib. Ədalət naməlum şəhid kimi Gəncədə dəfn olunmuşdu.
Tərtər şəhərindəki Şəhidlər abidə kompleksində şəhidlərin ailə üzvlərinin, Tərtər və Kəlbəcər rayonları rəsmilərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə vida mərasimi keçirilib. Cənazə namazından sonra şəhid Tərtər şəhər məzarlığında torpağa tapşırılıb.
Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edən Ədalət Əliyev 1994-cü ilin fevralında Kəlbəcərdə Murovdağ istiqamətində itkin düşmüş hesab olunurdu.
***
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilən Nuriyev Şöhrət Telman oğlunun nəşinin qalıqları doğulduğu Ucar rayonuna gətirilib.
Əlikənd kəndindəki ata evində vida mərasimi keçirilib. Mərasimdə kənd sakinləri, rayon rəsmiləri iştirak ediblər. Şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Nuriyev Şöhrət Telman oğlu 1993-cü il aprelin 14-də Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.
***
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Abbasov Elməddin Şirxan oğlunun meyitinin qalıqları Sumqayıta gətirilib. O, Gəncə şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.
1975-ci ildə Cəbrayıl rayonunda anadan olan Abbasov Elməddin Şirxan oğlu 1994-cü ildə Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.
Sumqayıtda keçirilən dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Cəbrayıl Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, qazilər iştirak ediblər.
Cənazə namazından sonra Elməddin Abbasovun nəşi torpağa tapşırılıb, ruhuna dualar oxunub.
Hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib. Əsgərlər şəhidin xatirəsinə yaylım atəşi açıblar.