AMEA-nın “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində görkəmli şair, tarixçi, mütəfəkkir, ictimai xadim Abbasqulu ağa Bakıxanovun (1794–1847) anadan olmasının 230 illik yubileyinə həsr edilən tədbir keçirildi.

Mayın 21-də gerçəkləşən tədbir Bakıxanovlar nəslinin nümayəndəsi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrantı Vüsalə Qasımovanın “Qüdsi” filminin nümayişi ilə başladı.

AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri professor Şahin Fazil Azərbaycan tarixşünaslığında Bakıxanovun rolundan danışdı. Bildirdi ki, A.Bakıxanov Azərbaycan xalqının ensiklopedik biliyə malik mütəfəkkir simalarından biridir. O, tarix, fəlsəfə, həndəsə, ilahiyyat və etikaya aid qiymətli əsərlər müəllifidir. Eyni zamanda fəal maarifçi, klassik Azərbaycan poeziyasının sirlərinə bələd olan şair kimi tanınıb. Qısa ömrünə zəngin yaradıcılıq nümunələri sığdırıb. 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Gülər Abdullabəyova qeyd etdi ki, Bakıxanov 1833-cü ildə Polşada çar canişini, general-feldmarşal İvan Fyodoroviç Patskeviçin yanında olub.  Polşanın mərkəzi şəhərlərini gəzib-dolaşıb. Həmin vaxtlar bu ölkənin tanınmış şair və yazıçıları ilə dostluq əlaqələri qurub. Onların köməkliyi ilə M.P.Vaqif və M.V.Vidadinin şeirlərini, Azərbaycan nağıllarını polyak dilinə tərcümə edib.

Alim onu da diqqətə çatdırdı ki, Azərbaycan və Polşa xalqlarının oxşar taleləri var. Hər iki xalq uzun müddət çar Rusiyasının əsarətində qalıb. Orta əsrlərdə Polşa krallığının adı Lehistan (leh (lyax) polyakların qədim adıdır – red.) olub. Ölkənin adı Rusiya istilasından sonra dəyişdirilib. Bakıxanovun əlyazmalarında da Polşa Lehistan kimi göstərilir.

Tədbirdə daha sonra təbrizli tədqiqatçı Hədiyyə Zəhra Əhmədi, bəstəkar, Xalq artisti, professor Tofiq Bakıxanov və başqaları çıxış edərək Abbasqulu ağa Bakıxanovun zəngin yaradıcılığından söhbət açdılar. Qeyd edildi ki, Bakıxanov “Qanuni-qüdsi”, “Əsrarül-mələkut”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, “Gülüstani-İrəm” kimi əsərləri ilə böyük şöhrət qazanıb. Dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və digər elmlərə aid əsərləri onun hərtərəfli biliyə malik alim olduğunu göstərir.

Çıxışlar arası musiqi nömrələri təqdim edildi.

Savalan Fərəcov