“Bu qərar, şübhəsiz ki, əməkdaşlığımızın tarixində yeni səhifə açır”

 

Azərbaycanda keçirilən Tacikistan Mədəniyyəti Günləri ikitərəfli münasibətlərdə mühüm hadisədir.

Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri mayın 23-də Bakıda Tacikistan Prezidenti Emoməli Rəhmon ilə mətbuata bəyanatında deyib.

Prezidentlərin təkbətək və geniş tərkibdə görüşlərində iki ölkə arasında münasibətlərin geniş spektrinə nəzər salınıb, o cümlədən mədəni-humanitar sahədə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüşlərin yekunu olaraq imzalanan Azərbaycan-Tacikistan sənədləri də ikitərəfli münasibətlərin yeni səviyyəyə, daha sıx əməkdaşlıq mərhələsinə yüksəldiyini göstərir.

Prezidentlər İlham Əliyev və Emoməli Rəhmon “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”ni imzalayıblar.

Həmçinin iki ölkənin müvafiq qurumları arasında yeni texnologiyalar, rəqəmsal ticarət, ətraf mühitin mühafizəsi, miqrasiya, informasiyanın texniki mühafizəsi və s. sahələrdə əməkdaşlıq sənədləri imzalanıb.

Sonra Azərbaycan və Tacikistan liderləri mətbuata bəyanatlarla çıxış ediblər.

 

Prezident İlham Əliyevin bəyanatından

 

Bu gün nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə, həmçinin təkbətək görüş əsnasında qarşılıqlı fəaliyyətimizlə bağlı məsələlərin geniş spektrini müzakirə etdik, sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq üzrə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair hökumətimizin üzvlərinə konkret tapşırıqlar verdik.

Mən Tacikistan Prezidentini noyabrda keçiriləcək iqlim konfransında (COP29 – red.) iştiraka dəvət etdim. Bu dəvət qəbul olundu. Biz bu beynəlxalq tədbirin keçirilməsinə fəal hazırlaşırıq. Əminəm ki, tacik dostlarımız bu konfransın uğurla keçirilməsinə və yaxşı nəticələr əldə edilməsinə böyük töhfə verəcəklər.

Qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb.

Münasibətlərimizin xarakterini, ruhunu, həmçinin xalqlarımızın iradəsini əks etdirən strateji tərəfdaşlıq bəyannaməsini imzaladıq. Bəyannamə qarşılıqlı fəaliyyətin demək olar bütün sahələrini əhatə edir. Bu sənəddə qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub.

İqtisadi əməkdaşlıq məsələlərini ətraflı müzakirə etdik. Tacikistan Prezidentinin səfəri ərəfəsində biznes-forum keçirildi, bu forumda da sənədlər və qarşılıqlı anlaşma memorandumları imzalandı və bu barədə bu gün bizə məlumat verildi. Hesab edirəm ki, bu, bizə qarşılıqlı ticarətin həcmini xeyli artırmağa imkan verəcək.

Bu günlərdə keçirilən Azərbaycanda Tacikistanın Mədəniyyət Günləri də ikitərəfli münasibətlərdə mühüm hadisədir. Düşünürəm və əminəm ki, o, tacik xalqının zəngin mədəniyyəti ilə tanış olmaq imkanı əldə edən Azərbaycan tamaşaçılarına sevinc bəxş edir.

Nəqliyyat sektoru da diqqət mərkəzimizdə olub. Biz Orta Dəhlizi və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizini Tacikistandan yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə logistika əlaqələrinə dair məsələləri ətraflı nəzərdən keçirdik. Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün müxtəlif istiqamətlərdə – Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır.

 

Əsas olan münasibətlərimizdəki səmimiyyətdir

 

Bu gün, həmçinin geosiyasi dəyişikliklər, dünyadakı vəziyyət, regionlarımızdakı şərait ilə bağlı məsələləri müzakirə etdik. Biz təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və bu sahədə əməkdaşlığın inkişafı, təhsil, mədəniyyət və kənd təsərrüfatı ilə bağlı məsələləri ətraflı nəzərdən keçirdik. Ölkələrimizin nümayəndə heyətlərinin tərkibi də geniş gündəmdən xəbər verir. Amma, əlbəttə, əsas olan münasibətlərimizdəki səmimiyyət, Tacikistanla Azərbaycan arasındakı münasibətlərin dostluq, qardaşlıq xarakteri, təbii ki, dövlət başçılarının şəxsi təmaslarıdır. Keçən il mən Tacikistanda iki dəfə – həm dövlət səfərində oldum, həm də Emomali Şaripoviç məni Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşünə fəxri qonaq qismində dəvət etdi. Həmçinin ötən il biz BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının – SPECA-nın Sammitini keçirdik və Emoməli Şaripoviç ölkəmizə səfər etdi. Yəni bizim Tacikistan və Azərbaycanda müntəzəm təmaslarımız qarşılıqlı fəaliyyətimizin ən mühüm amilidir, münasibətlərin konkret olaraq zənginləşməsi üçün bütün sahələrə güclü təkan verir.

 

Prezident Emoməli Rəhmonun bəyanatından

 

Regionun ən böyük sənaye, iqtisadi və elmi-texniki mərkəzlərindən biri olan qədim tarixə malik gözəl Bakı şəhərini növbəti dəfə ziyarət etdiyimə görə çox şadam.

Bu gün biz dövlətlərarası münasibətlərimizin səviyyəsini strateji tərəfdaşlığa yüksəldən tarixi qərar qəbul etmişik. Bu qərar, şübhəsiz ki, əməkdaşlığımızın tarixində yeni səhifə açır. Öz növbəmdə müntəzəm siyasi dialoqun bütün səviyyələrdə aparılmasının vacibliyini vurğulamaq istərdim.

Danışıqlar zamanı Azərbaycan Prezidentinin Tacikistana ötənilki dövlət səfəri zamanı əldə edilmiş razılaşmaların əməli surətdə həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirildi. İqtisadi-ticari sahədə əməkdaşlığımızın inkişafı diqqət mərkəzində saxlanıldı. Ölkələrimizin hökumətlərinə 2025-ci ilədək hökumətlərimiz arasında iqtisadi əməkdaşlıq üzrə Tədbirlər Planının tam icrasına ciddi nəzarət etmək tapşırıldı. İqtisadi-ticari əməkdaşlıq məsələləri üzrə Birgə hökumətlərarası komissiyanın daha səmərəli işləməsi məqsədilə biz onu həmsədrlər səviyyəsindən Baş nazirlərin müavinləri səviyyəsinə qaldırmağı təklif etdik.

Bir daha Azərbaycan şirkətlərinin və maliyyə qurumlarının Tacikistanda layihə və proqramların həyata keçirilməsində iştirak imkanlarını prioritet qaydada nəzərdən keçirməyə hazır olduğumuzu bildirdik. Bakıda səfərimiz çərçivəsində keçirilən biznes-forum tərəflərin iqtisadi-ticari əlaqələrini inkişaf etdirmək üçün geniş imkanlara malik olduqlarını göstərdi. Ümidvaram ki, onun nəticələri bu gün imzalanmış ikitərəfli sənədlərlə yanaşı, bu istiqamətdəki əməkdaşlığımıza da təkan verəcək.

Danışıqlar zamanı biz aqrar sahəyə də xüsusi diqqət yetirdik. Biz turizm sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsinin imzalanmasını alqışladıq. Bununla bağlı müvafiq qurumlara paytaxtlarımız arasında birbaşa aviareyslərin bərpası üçün tədbirlərin görülməsi tapşırıldı.

Tacikistanın dövlət və kommersiya strukturlarının Azərbaycan ərazisindən yük daşımalarının həcminin artması tendensiyasını məmnunluqla qeyd etdik. Tacikistanın yük daşıyıcılarına məqbul tranzit tarifləri təqdim etdiyinə görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildirdik.

Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Danışıqlarımızda mədəni-humanitar əməkdaşlıq məsələsi də mühüm yer tutdu. Bu baxımdan, təhsil sahəsində əməkdaşlığın inkişafına diqqət yetirildi. İki ölkənin universitetlərində təhsil almaq üçün qarşılıqlı olaraq ayrılan kvotaların sayını artırmaq barədə razılığa gəldik. Səfər çərçivəsində keçirilən mədəni tədbirlər ölkələrimizin vətəndaşlarının bir-birimizin mədəni nailiyyətləri ilə tanış olmaq marağını və istəyini bir daha sübuta yetirdi. Biz dostlarımıza təklif etdik ki, gələn il Tacikistanda Azərbaycan Mədəniyyət Günlərini keçirək və bu tədbir çərçivəsində Tacikistan və Azərbaycan xalqları arasında dostluq festivalı təşkil edək.

Danışıqlar zamanı təhlükəsizliklə bağlı risklər və təhdidlər müzakirə edildi. Öz növbəmdə onu qeyd etmək istərdim ki, beynəlxalq aləmdə mövcud vəziyyət mürəkkəb və gərgin olaraq qalmaqdadır. Biz Azərbaycanla təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın səviyyəsindən və məzmunundan məmnunluğumuzu bildiririk.

Beynəlxalq və regional təşkilatlar çərçivəsində ölkələrimizin təşəbbüslərinin qarşılıqlı şəkildə dəstəklənməsi təcrübəsinin davam etdirilməsinin tərəfdarı olduğumuzu bildirdik. Azərbaycanın bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının növbəti sessiyasını (COP29) keçirməsi ilə bağlı qərarını alqışlayırıq.

Biz Tacikistan-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərinə nikbin baxırıq. Konstruktiv dialoqumuzu davam etdirmək məqsədilə əziz dostum və qardaşım İlham Heydər oğlu Əliyevi böyük məmnuniyyətlə Tacikistana səfərə dəvət etmişəm.