Bakıda beynəlxalq konfrans
Mayın 23-də Dövlət Turizm Agentliyi (DTA) tərəfindən AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun tərəfdaşlığı ilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda “Arxeoloji turizm və dayanıqlı idarəetmə” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Konfransda çıxış edən DTA-nın sədr müavini Azadə Hüseynova Azərbaycanda ilk dəfə bu mövzuda tədbirin keçirilməsinin həm turizm, həm də mədəni irsimizin, tariximizin təbliği baxımından çox əhəmiyyətli olduğunu bildirib.
Agentliyin dəstəyi ilə tarixi qoruqlarda aparılmış elmi tədqiqatlar və arxeoloji qazıntılar, üzə çıxarılan nadir tapıntılar haqqında danışan A.Hüseynova konfransın irs abidələrinin turizmdə tətbiqi ilə bağlı faydalı fikir mübadiləsi aparılması, ölkədə arxeoloji turizm potensialının tam reallaşdırılması istiqamətində mühüm addımlardan biri olacağına inamını ifadə edib.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycanda arxeoloji abidələrin, maddi-mədəni irsin araşdırılmasına böyük diqqət və qayğı göstərildiyini qeyd edib. O, ölkəmizdə aparılan geniş arxeoloji qazıntı işləri nəticəsində Azərbaycanın qədim tarixinə aid yüzlərlə abidə və minlərlə maddi mədəniyyət nümunəsi aşkar edildiyini, bu nümunələrin qorunduğunu bildirib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbəri Şahin Seyidzadə paytaxtımızın tarixi mərkəzindəki qədim abidələrin, mədəni irsin qorunması istiqamətində tətbiq edilən yeni metodlar barədə məlumat verib.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva ölkəmizdə mövcud arxeoloji memarlıq abidələri və onların mühafizəsi, bərpası istiqamətində görülən işlər haqqında danışıb.
İstanbul Universiteti Arxeologiya fakültəsinin professoru Mehmet Özdoğan beynəlxalq konfransın təcrübə və bilik mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb.
Sonra Azərbaycanın arxeoloji irsinə həsr olunmuş qısa filmin nümayişi olub.
Britaniyanın Arxeologiya Departamentindən proqram direktoru Robin Koninqham, ABŞ-nin “Kolonial Villiamsburq” fondunun tarixi araşdırmalar bölməsinin direktoru Peter İnker, Almaniyanın “Museumsdorf Düppel – Stiftunq Stadtmuseum Berlin” arxeoloji açıq səma muzeyinin kuratoru Julia Heeb məruzələrlə çıxış ediblər.
Azərbaycanın zəngin arxeoloji irsi və arxeoloji turizm perspektivlərinə həsr edilmiş sessiyada azərbaycanlı alimlər Qarabağdakı arxeoloji abidələr, o cümlədən Azıx və Tağlar mağaraları, Füzuli rayonu ərazisindəki kurqanlar və nekropollar barədə təqdimatlar ediblər.
Mayın 24-də başa çatacaq konfransın məqsədi arxeoloji turizm istiqamətində ən qabaqcıl təcrübələri öyrənmək və onların Azərbaycandakı abidələrdə tətbiq olunması yollarını müzakirə etməkdir.
Konfransda ABŞ, Böyük Britaniya, İtaliya, İsrail, Almaniya, Türkiyə və digər ölkələrdən 15-ə yaxın ekspert, ICOMOS-un nümayəndəsi iştirak edir. Konfransın proqramına 20-dən artıq məruzə daxildir.
Tədbir çərçivəsində “Atəşgah məbədi” qoruğunun ərazisində açıq havada “Eksperimental arxeologiya” mövzusunda sərgi-ekspozisiya təşkil olunub. Burada Paleolit dövrünə aid çadır da qurulub. Qoruğa gələnlərə ibtidai insanların müxtəlif məşğuliyyətləri, daş, buynuz, ağac və s. materiallardan əmək alətlərinin hazırlanması, od əldə edilməsi yolları nümayiş olunub.
Konfrans çərçivəsində iştirakçılar Qəbələ Arxeoloji Mərkəzini ziyarət ediblər, Çuxur Qəbələ, Səlbir və Qala əraziləri ilə tanış olublar. SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz Heydərova qonaqlara Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin tarixi barədə məlumat verib.