Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri – səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların təmsilçiləri mayın 24-də Laçın şəhərinə səfər ediblər.
Diplomatik korpusun nümayəndələri Laçın İqlim Fəaliyyəti Dialoqu çərçivəsində COP29-la əlaqədar təqdimat mərasimində iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev və digər rəsmilərin çıxışları olub.
Diplomatlara Laçın şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumat verilib.
Onlar Zerti Aqro-Sənaye Parkında olublar. Parkdakı heyvanlar, yem istehsalı, həmçinin göyərti və pomidor becərilməsi üçün konteyner tipli təsərrüfatlar barədə məlumatlar verilib.
Qonaqlar sonra “Hoçazfilm” studiyasına gəliblər. Məlumat verilib ki, studiyanın fəaliyyət istiqamətlərinə bölgədə keçiriləcək mədəni-kütləvi tədbirlərin işıqlandırılması, kinoteatr və yaradıcı ittifaqla əməkdaşlıq, gənclər üçün yay məktəbləri, yaradıcılıq atelyeləri, kinematoqrafiya, rəsm kursları və müsabiqələrinin təşkili daxildir. Pavilyon texniki təchizat baxımından beynəlxalq standartlara uyğundur.
Diplomatlar Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına töhfə vermək məqsədilə Həkəri çayının Laçın rayonu ərazisindən keçən hissəsinə forel balıqlarının buraxılması prosesini də izləyiblər.
Sonra 28 May – Müstəqillik Gününə həsr olunan “Xalça belə yarandı” sərgisi ilə tanışlıq olub. Sərgidə milli xalçalarla yanaşı, müxtəlif dizaynlarda hazırlanmış sənət nümunələri də nümayiş etdirilib.