M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair, tərcüməçi, həkim, maarif xadimi Abbas Səhhətin (Abbas Əliabbas oğlu Mehdizadə; 1874–1918) doğum günü münasibətilə “Abbas Səhhət – 150” adlı kitab sərgisi açılıb.
Kitabxanadan bildirilib ki, sərgidə şairin əsərləri, tərcümələri, sözlərinə bəstələnmiş musiqilərin notları, həyat və yaradıcılığı haqqında Azərbaycan və müxtəlif dillərdə kitablar nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
***
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında isə Abbas Səhhətin 150 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb.
Kitabxanadan verilən məlumata görə, virtual sərgidə Abbas Səhhətin gənclik illəri, “Yeni poeziya necə olmalıdır?” adlı məqaləsi, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” kimi şeirlərindən ibarət ilk yaradıcılıq nümunələri haqqında məlumat verilir.
Materialda 1900-cü ildə Tehran Universitetinin Tibb fakültəsini bitirən və rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən gənc Abbas “Yeni üslublu məktəblər” ideyasının fəal tərəfdarı, pedaqoq, onlarla dünya ədəbiyyatı incilərini Azərbaycan dilinə tərcümə edən ziyalı kimi təsvir olunur. Bildirilir ki, Abbas Səhhətin Mirzə Ələkbər Sabirlə dərin dostluq münasibəti olub. Ədibin təşəbbüskarlığı ilə Sabirin əsərləri bir yerə toplanaraq “Hophopnamə” adı altında nəşr edilib.
Virtual kitab sərgisində ədibin müəllifi olduğu və onun haqqında nəşr edilən “Yay səhəri”, “Vətən”, “Türk ədəbiyyatına ilk qədəm”, “Pedaqoji irsimizdən: M.V.Vidadidən H.K.Sanılıyadək”, “Şirvan şairləri”, “Azərbaycan uşaq ədəbiyyatı”, “Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri”, “XX əsr Azərbaycan ədəbiyyatı” kimi kitabların biblioqrafik təsviri, Abbas Səhhətin kəlamları, ədəbi nümunələri barədə də məlumat verilir.
Virtual sərgi ilə https://ryl.az/multimedia/abbas-sehhet-150 linki vasitəsilə tanış ola bilərsiniz.